Komitə sədri dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan vəsaitin əhəmiyyətini açıqladı

Xəbər - Elçin Mehdiyev – Trend:

2022-ci ilin dövlət büdcəsində digər sahələrə olduğu kimi, kənd təsərrüfatına da xüsusi önəm verilir. Belə ki, kənd təsərrüfatı bölməsi üzrə 997,3 milyon manat məbləğində, əvvəlki illə müqayisədə 5,8 faiz çox vəsaitin ayrılması aqrar sektorun inkişafına göstərilən diqqətin ifadəsidir. Bu, müstəqillik tarixində kənd təsərrüfatı sahəsinə ayrılan ən böyük məbləğdir.

Bunu AzerTimes-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi nəzərə alınıb, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 456,0 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da əvvəlki illərdən xeyli çoxdur: “Həmin vəsait fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərən sahələrin hər hektarına görə verilən, əkin subsidiyasına əlavə olaraq verilən məhsul, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi məqsədilə proqnozlaşdırılmışdır. Əlbəttə, bu güzəştlərin edilməsi aqrar sektor üçün yeni imkanlar yaradır, heyvandarlığın və toxumçuluğun inkişafına təkan verəcəkdir” – komitə sədri deyib.

O qeyd edib ki, dövlət büdcəsi hesabına kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı məqsədilə yetişdirilən və saxlanılan heyvanların sığortası üzrə vəsaitin ayrılması və artırılması da müsbət haldır.

“Kənd təsərrüfatı sahəsində strateji hədəflərə nail olmaq məqsədilə 15 subproqram və 37 tədbiri özündə birləşdirən 5 proqramın maliyyələşdirilməsi günün tələbi olmaqla bərabər, həm də dövlətin gələcəyə aydın baxışı kimi qiymətləndirilməlidir.

Su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, suvarma sahələrinin genişləndirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və digər meliorasiya tədbirləri ilə bağlı vəsaitlərin artırılması gələcək inkişafa zəmin yaradır.

Ümumiyyətlə, kənd təsərrüfatı ilə bağlı vəsaitlərin ayrılması günün reallıqlarını əks etdirir və iqtisadiyyatımızın davamlılığının göstəricisidir” – deyə, T.Rzayev bildirib.

Teqlər: