Komaya düşən 3 aylıq körpə xilas edildi

Bakıda komaya düşən 3 aylıq uşağın həyatı xilas edilib.

Bu barədə AzerTimes-a Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin
rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, təxminən bir həftəyə yaxın koma vəziyyətində olan
3 aylıq körpənin həyatı xilas olunub.

“Mərkəzin nəzdində olan 2 saylı Uşaq Klinik Xəstəxanasının
həkimləri olduqca ağır vəziyyətdə gətirilən 18.02.2022 təvəllüdlü
körpəyə “ikitərəfli bronxopnevmoniya, ikitərəfli atalektaz, sağ
tərəfə ağciyərin dislokasiyası” diaqnozunu qoyublar. Eyni zamanda,
qıcolma sindromundan əziyyət çəkən körpə xəstəxananın reanimasiya
şöbəsinə yerləşdirilib və ciddi nəzarətə alınıb. Həyat əlamətləri
yetərincə aşağı olan körpə may ayının 9-da süni tənəffüs aparatına
bağlanıb və 6-7 gün boyunca zondla qidalandırılıb.
Həkimlərin davamlı və düzgün müalicəsi nəticəsində ötən gün körpə
həyata qaytarılıb.
Hazırda körpənin vəziyyəti tam stabildir və reanimasiyadan
çıxarılaraq müalicəsinin davam etdirilməsi üçün xəstəxananın
patologiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, körpənin bütün müayinə və müalicə xərcləri icbari
tibbi sığorta ilə qarşılanıb”, – E.Hidayətoğlu bildirib.

Teqlər: