Komandoda xidmət keçmək istəyənlərin qəbulu elan edilir (FOTO/VİDEO)

Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi
hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların
qəbuluna başlanılır.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla
müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30
yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən
qəbul komissiyasına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının
hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar
qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq
dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin
müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim
Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab
edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti,
peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə
bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin
öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş
namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma
imzalanır və onlar ixtisaslarına uyğun Əməliyyat (Komando) hərbi
hissələrində müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı
sənədləri təqdim etməlidir:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının
sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş
2 nüsxədə);
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1
nüsxədə);
– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (1 nüsxədə);
– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1
nüsxədə);
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (evli olduqda, 1 nüsxədə);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada
təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə
tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2
ədəd 4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm,
ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə
bağlı müraciət edib-etməməsi barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş
surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal
rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi
(Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2022-ci il fevralın 28-dən martın 19-dək
hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan
18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə
(xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış
hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq
məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət
etməmələri xahiş olunur.

Teqlər: