2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hərbi hissələrin qərargah zabitlərinin iştirakı ilə kompüter dəstəkli komanda-qərargah təlimləri keçirilir.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılır, qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilir.
Vətən müharibəsi, “Qisas” əməliyyatı, eləcə də Azərbaycan Ordusunun həyata keçirdiyi digər uğurlu əməliyyatlar zamanı qazanılan təcrübədən təlimlərdə geniş istifadə olunur.
Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə yanaşı, onların çevik qərar qəbuletmə bacarıqlarını, eləcə də döyüşü idarəetmə qabiliyyətini artırmaqdan ibarətdir.