
Kolumbiya Prezidenti Qustavo Petro Venesuelada yaranmış gərgin vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) və Amerika Dövlətləri Təşkilatının (ADT) təcili iclas çağırmasını tələb edib. O, Karakasın raket zərbələrinə məruz qaldığını bildirərək, baş verənləri bütün dünya üçün təhlükə adlandırıb.
AzerTimes xəbər verir ki, Kolumbiya lideri bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Qustavo Petro qeyd edib ki, hazırda Karakas bombalanır və Venesuelaya qarşı raket hücumları həyata keçirilir. Onun sözlərinə görə, ADT və BMT dərhal iclas keçirməli və vəziyyətə beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.
Prezident vurğulayıb ki, Kolumbiya dünəndən etibarən BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu səbəbdən ölkə dərhal məsələni gündəmə çıxarmalıdır. Petro Venesuelaya qarşı həyata keçirilən hücumların beynəlxalq qanunauyğunluğunun araşdırılmasının vacibliyini də qeyd edib.

