Kolumbiya mətbuatında 31 mart soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər insanlıq əleyhinə cinayətlər haqda məqalə işıq üzü görüb
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentliklərindən olan “El Expediente” portalında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Canlı tarix” başlıqlı yazı dərc olunub.
Yazıda 1918-ci ilin mart-aprel aylarında erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində xüsusi qəddarlıqla kütləvi qırğınlar törədildiyi, on minlərlə dinc azərbaycanlının etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyi bildirilir.
1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada 16 mindən artıq insanın xüsusi amansızlıqla öldürüldüyü məlumat verilir, Quba ərazisində aşkar olunmuş kütləvi məzarlığın ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutu olduğu deyilir və Qafqazın o vaxtkı fövqəladə komissarı, erməni əsilli Stepan Şaumyanın qırğınlarda 6 min nəfər Bakı soveti və 4 min Daşnaksutyun silahlı əsgərinin iştirakına dair etirafları xatırladılır.
Ümumilikdə, 1918-ci il mart qırğınlarının radikal millətçi ermənilərin xalqımıza qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə motivləri əsasında, öncədən planlaşdırılmış və qəddarcasına həyata keçirilmiş bir siyasət olduğu, həmin hadisələrdən bir əsrdən çox vaxt keçməsinə rəğmən, bu siyasətin müasir dövrdə də davam etdirildiyi, bu xüsusda, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun 30 ilə yaxın müddətdə Ermənistanın tərəfindən hərbi işğalda saxlandığı, bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yüz minlərlə soydaşımızın etnik təmizlənməyə məruz qoyulduğu bildirilir.
Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdiyi, ötən ilin 27 sentyabr tarixindən başlanılan hərbi əməliyyatlar zamanı Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan şəhərlərinin dinc sakinlərinə qarşı raket hücumlarına əl atdığı, bu yolla da bir əsr öncəki mart qırğınının xatirələrini geri qaytardığı söylənir.
Sonda Ermənistanın Azərbaycan xalqına qarşı bu günədək törətdiyi soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan siyasəti pislənir, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyi vurğulanır və məruz qaldığı bütün amansız cinayətlərə baxmayaraq, Azərbaycanın sülh və barışıq tərəfdaşı olmaqda davam etdiyi qeyd olunur.