Martın 5-də Köln şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin
I forumu işə başlayıb.
AzerTimes xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya
Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin
Həsənov, Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov,
Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm
Abdullayev, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK)
əməkdaşları, Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 200-dən
çox elm xadimi və həkim iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan
tədbirdə Vətən müharibəsi dövründə həlak olan həkimlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumu giriş sözü ilə Almaniya Azərbaycanlıları Alyansının İdarə
Heyətinin sədri Nuran Abdullayev açıb. Bildirib ki, forumu
keçirməkdə əsas məqsədlərdən biri artıq illərdir Almaniyanın tibb
ocaqlarında çalışan, müəyyən formada nüfuz sahibinə çevrilən
azərbaycanlı elm adamları, həkimləri və bu yola başlayan gənc
həmkarlarımızı bir araya gətirmək, onlar arasında Almaniyada
nümunəvi şəbəkələşməni yaratmaq və həmçinin elmi-praktik mübadilə
aparmaqdır. Qeyd edib ki, forumun təşkili Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə güclənən dövlətimizin xaricdə təhsil
alan və işləyən azərbaycan həkimlərinə olan xüsusi diqqət və
qayğısının nəticəsidir. Dövlət başçısının bu qayğısının
Almaniyadakı həkimlərə çatdırılması istiqamətindəki fəaliyyətinə
görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq
bildirilib.
Foruma videobağlantı vasitəsilə qatılan Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradov bu ölkədə ilk dəfə təşkil edilən
forum iştirakçılarını salamlayıb və tədbirin işinə uğurlar
arzulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin
birbaşa tapşırığı ilə DİDK mühüm layihələr həyata keçirirır. Bu
layihələr Azərbaycan diasporunun təşkilatlanmasına, mütəşəkkil
şəkildə fəaliyyət göstərməsinə çox ciddi şəkildə təsir edir. Komitə
sədri layihələrin uğurlu nəticələrindən danışarkən Koordinasiya
Şuralarının, Azərbaycan Evlərinin fəaliyyətinə xüsusi diqqət çəkib.
DİDK sədri elmi nailiyyətləri ilə Almaniyanın tibb ocaqlarında
nüfuz sahibinə çevrilən azərbaycanlı həkimlərin diaspor
quruculuğuna qoşulmalarının lobbiçilik fəaliyyətinə və Azərbaycan
səhiyyəsinə böyük töhfə verəcəyini nəzərə çatdırıb.
Səfir Ramin Həsənov bildirib ki, Almaniyadakı diasporumuzın
sıralarında özünəməxsus yer tutan həkim soydaşlarımız yerli
cəmiyyətə sıx şəkildə inteqrasiya edərək, Almaniyada xüsusi hörmət
sahibinə çevriliblər. Köln şəhər meri ilə görüşü zamanı Azərbaycan
diasporunun fəaliyyəti barədə xoş fikirlər eşitdiyini buna bariz
nümunə kimi göstərən diplomat bu ictimai rəydən məmnunluq duyduğunu
vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev əhalinin
sağlamlığının qorunmasına böyük əhəmiyyət verir, bu baxımdan
Almaniyadakı azərbaycanlı həkimlərin təcrübəsindən istifadə
olunmasına çox böyük ehtiyac var. Gənc azərbaycanlı həkimlərin
Almaniyada təhsil alması və təcrübə keçməsi iki ölkənin səhiyyə
sistemi arasındakı əməkdaşlığa ciddi töhfədir.
Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov və ADDF
icracı direktoru Əkrəm Abdullayev də çıxışlarında Almaniyadakı
azərbaycanlı həkimlərin fəaliyyətini və Azərbaycan diasporuna
verdikləri töhfələri yüksək qiymətləndirdiklərini söyləyiblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya və
istehsalatın təşkili departamentinin keyfiyyətə nəzarət şöbəsinin
müdiri Bahadur Rzayev “Azərbaycanda əlilliyi olan şəxslər üçün
reabilitasiya xidmətlərinin təşkili”, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin strateji təhlil departamentinin rəhbəri Araz
Nəsirov “Azərbaycan səhiyyəsinin inkisafinda icbari tibbi
sığortanın rolu”, Oberstein xəstəxanasının kardiologiya
klinikasının direktoru, professor Natiq Həsənov “Almaniyada
Kardiologiyanın təşkili və müasir müalicə metodları”, Essen
Universitet Klinkasının şöbə müdiri, professor Ramazan Cabbarlı
“Beyin anevrizmaların müalicəsi” mövzularında məruzələrlə çıxış
etdikdən sonra forumda Almaniyada çalışan elm adamlarının
fəaliyyətinə aydınlıq gətirən təqdimatlar olubmvə elmi nailiyyətlər
ətrafında geniş fikir mübadiləsi aparılıb.