Kolleclərin publik hüquqi şəxsə çevrilməsi nə vəd edir? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin qərarı ilə 20-dən artıq orta ixtisas təhsili müəssisəsi – kollec publik hüquqi şəxsə çevrilib. Bu o deməkdir ki, həmin kolleclər bundan sonra dövlət büdcəsinin vəsaiti hesabına yox, göstərdikləri xidmətə görə maliyyələşəcəklər. Bəs yeni sistem hansı dəyişikliklərə gətirib çıxaracaq?

Məsələni AzerTimes-a təhsil eksperti Kamran Əsədov şərh edib. O yeni qərarın kolleclərə yeni yanaşma gətirməli olduğunu bildirib. Həmçinin əlavə edib ki, hazırda kolleclərdə təhsilin keyfiyyəti o qədər də ürəkaçan deyil:

“Bu gün ölkəmizdə 54 orta ixtisas təhsili müəssisəsində (kolleclərdə) 58 minə yaxın tələbə təhsil alır. Amma etiraf edək ki, onları əmək bazarında görə bilmirik. Düzdür, əvvəlki illərdə kolleclərdə pedaqoji ixtisaslar var idi və onun məzunları orta məktəblərdə müəllim kimi çalışırdılar. İndi isə kolleclərdə pedaqoji ixtisaslar demək olar ki, yoxdur. Bu gün ali məktəblərə qəbul ola bilməyən abituriyentlər kolleclərə üz tutur. Həm də ona görə ki, gələcəkdə subbakalavr kimi ali məktəblərə qəbul olmaq imkanı var. Bu o demək deyil ki, kollec məzunları zəifdir. Əksinə, kifayət qədər savadlı kollec məzunları var. Sadəcə olaraq, bir çox kollecdə tədris keyfiyyətli deyil. Deməli, 2016-cı ildə Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir sıra kolleci birləşdirdi, onlar universitetlərin nəzdinə verildi. Amma 5 ildə təhsilin bu pilləsində heç bir keyfiyyət dəyişiklikləri nəzərə çarpmadı. Sovet dövründən sonra bir sıra kolleclər yalnız dövlət büdcə vəsaitləri hesabına yaşamağa üstünlük verirdilər. Bu isə rəqabət mühitini əngəlləyirdi. Digər tərəfdən isə şəffaflığa mənfi təsir göstərir”.

Ekspert publik hüquqi şəxsin perspektivlərindən də danışıb:

“Publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də mülki hüququn subyektlərindən biri olan hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.

– Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz;
– Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür;
– Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, və yaxud zərurət olduqda dövlət büdcəsi hesabına maliyyələşə bilər;
– Publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər.

“Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar”.

K.Əsədov hesab edir ki, təhsil müəssisələrinin böyük əksəriyyəti publik hüquqi şəxsə çevrilməli, məlum dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər:

“Bu, büdcədə 100 milyonlarla vəsaitə qənaət etməyə imkan yaradacaq, dövlət büdcəsini uzun illər sırf himayəçilik mühitində hazır vəsaitlərə sərəncam verən qurumlardan xilas edəcək. Eyni zamanda istedadlı, qərb menecmentini bilən şəxslər həmin qurumların büdcəsinin formalaşdırılmasına yardımçı olacaqlar. Yəqin ki, bir müddətdən sonra bu digər təhsil müəssisələrinə də şamil olunacaq. Bir çox ali və orta ixtisas təhsili müəssisələri var ki, onlar əhalidən gəlir əldə edirlər, belə olan halda biz onları niyə dövlət təşkilatı kimi saxlamalıyıq?! Təhsil sisteminə aid çoxlu bina resursu, torpaq resursu texnika, avadanlıqlar mövcuddur. Onlar bəzən hansısa torpaq, bina resursunu icarəyə verəndə dərhal buna əks-reaksiyalar olur ki, bu, dövlət satışını aşmaqdır, özünün təşkilatı modelindən kənara çıxmaqdır. Belə olmasın deyə, publik hüquqi şəxs ən yaxşı formatdır. Həm də belə olan halda şişirdilmiş xərclərə, həmçinin dövlət qurumlarına ödənişlərin illərlə verilməməsi hallarına, borc yükünün milyonlarla manat səviyyəsinə qalxmasına şərait olmur. Publik hüquqi şəxs pulları özü əldə edir, belə olan halda xərclərini niyə şişirtsin ki?!”.

Twitter: @cingizsafarli

Teqlər: