“Köhnə çamadanlar” adlı bədii filmin təqdimatı keçirilib (FOTO)

Aprelin 30-da Nizami Kino Mərkəzində “Köhnə çamadanlar” adlı
tammetrajlı bədii filmin təqdimatı keçirilib.

Trend xəbər
verir ki, premyerada yaradıcı heyətlə yanaşı, ictimai xadimlər,
QHT-nümayəndələri, Vətən müharibəsi iştirakçıları və ssenaridə yer
alan hadisələrin şahidləri də iştirak ediblər.

Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadın
taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci
Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə
məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların
yaşadıqları psixoloji travmalar ekran işində əksini tapıb. Əsas
rolları Respublikanın xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Qabil
Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova,
Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət
adamları canlandırıb. Böyük Zəfərin debüt filmi nikbin sonluqla
yekunlaşır. Burada erməni vandalizminin qurbanına çevrilən minlərlə
qəhrəman oğul və qızlarımızın qanının yerdə qalmadığı, onların
qisasının alındığı vurğulanır. Qeyd edək ki, filmdə 44 günlük Vətən
müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön
cəbhədən gələn müjdəni qürurla qeyd edən Azərbaycan xalqının
sevinci xüsusi vurğulanır.

Ekran əsərində İkinci Qarabağ müharibəsi iştirakçıları, Sərhəd
qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları
məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə
olunub.

İkinci Qarabağ müharibəsinin debüt filmini göz yaşları və
həyacansız izləmək mümkün olmayıb. Sonsuz alqışlarla qarşılanan
filmin təqdimat mərasimində iştirak edən müharibə şahidləri
bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoydu,
şəhidlərin qisası döyüş meydanında alındı. 44 günlük Vətən
müharibəsi tarixi ədalətin bərpası, xeyirin şər üzərində qələbəsi
günü kimi yaddaşlara yazıldı. Prezident, Müzəffər Ali Baş komandan
İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə Böyük Qələbə
qazanan rəşadətli Azərbaycan Ordusu bu tarixi zəfərlə öz gücünü
təkcə düşmənə deyil, bütün dünyaya nümayiş etdirdi.

Filmin quruluşçu rejissoru Səidə Haqverdiyeva çıxışında
müharibənin ağır günlərinin şahidi olduğunu qeyd edib. O, “Kimi
köçkünçülük görüb, kimi həyat yoldaşını, mənim kimi atasını itirib.
Bir təsginliyimiz var: biz Zəfər qazanan, güclü ölkənin
qadınlarıyıq” deyə bildirib.

Filmlə bağlı təəssüratlarını bölüşən əməkdar artist Gülzar
Qurbanova ekran işində əməyi keçən hər kəsə minnətdarlıq edib. “Bu,
köhnə çamadanların içində bizim uşaqlığımız, gəncliyimiz, o
günlərin həqiqətləri, tarixin bir parçası var.

Sarsıntı və kədərimiz, arzu və xəyallarımızdan yığılan xatirələr
var. Azərbaycan qadınının Birinci Qarabağ müharibəsində
yaşadıqlarına baxmayaraq, nə qədər güclü olduğunu burada gördük.
Çamadanların içərisində olan ümidimiz, inamımız bizi qələbəyə
gətirdi. Ağır itkilərə sinə gərən şəhid analarının qarşısında baş
əyirəm”deyə aktrisa fikrini tamamlayıb.

Qeyd edək ki, filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu
rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu,
quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı
prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı
iki saata çatan bədii ekran əsərinin baş prodüseri Pərvinə
İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə
Rüstəmovadır.2021-ci ilin payızından çəkilişlərinə başlanılan
“Köhnə çamadanlar” adlı tammetrajlı bədii film RS Production, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə
gətirilib. “OYUN” inklüziv teatr MMC-nin istehsalı filmin baş
sponsorları RS Production və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı QSC və AK Company-dir.

Teqlər: