İşğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işlərinin sürəti və yaşam şərtlərinin artıq təmin olunması məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdışını şərtləndirib. Bu prosesi yaxından izləyən biri kimi deyə bilərəm ki, məcburi köçkünlərin mütləq əksəriyyəti – həmçinin mən də daxil olmaqla, doğulub boya-başa çatdığım Cəbrayıl rayonunun əhalisi – doğma yurda dönəcəyi günü həyəcanla gözləyir.
Bu sözləri AzerTimes-a açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərin icrasında o bölgələrdən olan insanlarımızın istər intellektual, istərsə də fiziki potensialından yararlanmaq ümumi işimizə yalnız fayda verər:
“Çünki ünsiyyətdə olduğum çox sayda məcburi köçkün “hər şey hazır olsun, sonra gedək” fikrindən çox uzaqdır. Onlar bu prosesdə yaxından iştirak etməyi, yenidən həyat verəcəkləri torpaqlarda aparılan işlərə cəlb olunmağı çox arzulayırlar. Fikrimcə, bu, həm işçi qüvvəsinin optimallaşdırılması, həm də işlərin daha da sürətləndirilməsi baxımından çox münasibdir”.
Seymur Verdizadə qeyd edib ki, müxtəlif ixtisas və peşə sahibi olan məcburi köçkünlər o ərazilərdə həyata keçirilən fəaliyyətdə iştirak etməyi qayıdacaqları doğma torpaqlarda onlara yenidən yaşamaq haqqı verən mənəvi borc kimi görürlər:
“Hesab edirəm ki, bu imkan onlara verilməlidir”.