Ermənistanda Paşinyan və Köçəryan arasında siyasi qarşıdurma mülk davasına da keçib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, hakimiyyət keçmiş prezident Robert Köçəryanın mülklərinin müsadirə edilməsi və dövlətə verilməsi məsələsini gündəmə gətirib.
Köçəryanın oğlu, həbsdən xilas olmaq üçün “Ermənistan” fraksiyasından deputat mandatı ilə təmin edilən Levon Köçəryan mülk davasına görə baş nazir Nikol Paşinyanı hədələyib.
“Bizim ailəmizə məxsus əmlak qanunidir, heç nəyi gizlətməmişik və hakimiyyət hər şeyi yoxlayıb”, – o deyib. Əlavə edib ki, bu əmlakın Baş Prokurorluğun qərarı ilə dövlətə verilməsi mümkün deyil. Prokurorluq müsadirə ilə bağlı iddianı ötən ilin yayında irəli sürüb.
L.Köçəryan bildirib ki, hakimiyyətin məqsədi ədaləti bərpa etmək yox, ziyan vurmaqdır.
“Bizim 4 milyard dollar sərvətimizin olduğunu deyirdilər, indi isə 60-70 milyon dollardan danışırlar. Amma bacarmayacaqlar. Bu iddialarını sübut etsinlər, mən belə ehtimal görmürəm”, – o deyib.
Qeyd edək ki, L.Köçəryan parlamentdə fəaliyyətə başlayandan sonra atasının yerini tutub. Onun Paşinyana qarşı mübarizədə müxalifətin yeni lideri ola biləcəyi istisna edilmir.