Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Koçaryanın hazırkı fəaliyyəti onun ekstremist və cəllad xislətindən irəli gələn fəaliyyətdir. Bu səbəbdən qızışdırıcı mövqe sərgiləyir, insanları revanşa səsləyir, hərbi çevrilişə cəhd edir, mənasız bəyənatlar verir. Halbuki, bu insan öncə öz xalqının qatilidir, Ermənistandakı 1 mart qətliamının, qırğınının əsas təşkilatçısıdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, faşist ruhlu Koçaryan bu gün də əlindən gələn bütün yaramazlıqları edir ki, bölgədəki vəziyyəti yenidən gərginləşdirsin, öz populist düşüncəsini ətrafa reallıq kimi sırısın, beynində planlayıb – qurduğu növbəti təxribatları reallaşdırsın:

“Birinci Qarabağ müharibəsindəki qanlar, qətlər, işgəncələr bu yaramaz ünsürün, hərbi caninin üzərindədir. Məhz onun birbaşa tapşırıqlarından sonra böyükhəcmli cinayətlər törədilib. Amma indi keçirdiyi absurd mətbuat konfranslarında, verdiyi populist bəyənatlarda özünü elə təqdim edir, elə danışır, elə mələk siması alır, sanki bunun heç nədən xəbəri yoxdur. Fəqət, Koçaryanın törətdiyi cinayətlər yaxın keçmişdə baş verib, onun şahidləri çoxdur.

Bilən bilir ki, bu adam necə yaramazdır, necə cəllad ruhludur, necə faşistdir. Koçaryan bu gün də “hərbi çevrilişdən qorxmaq lazım deyil” deməklə bir daha göstərir ki, öz riyakar məqsəd və məramını həyata keçirmək üçün hətta mənsub olduğu xalqı da güdaza verməyə, erməniləri belə qanına qəltan eləməyə hazırdır”.

E.Musayev vurğulayıb ki, Azərbaycanın müzəffər ordusu Koçaryan və Sarkisyanın qurduğu ordunu darmadağın edib:

“Məhz darmadağın edib. Azərbaycanın qəhrəman oğulları məhz Koçaryan kimi ünsürlərin istehkamını dağıdıb, onların yaratdığı mifi məhv edib. Koçaryanın içi ona görə yanır. Çünki məğlub edilmiş erməni ordusu Koçaryanın və Sarkisyanın daim öz adına çıxdığı, boş-boş fərəhləndikləri ordu idi. Fəqət, rəşadətli Azərbaycan əsgərləri Koçaryan və Sarkisyanın müəllifi və qurucusu olduğu ordunun başına dəmir yumruğu necə vurdusa, onlar hələ də özlərinə gələ bilmirlər.

Koçaryan indi revanşist ruhda danışır. Həm Ermənistandakı, həm də Qarabağdakı vəziyyəti dəyişmək arzusunu bildirir. Ermənistanla bağlı xüsusi şərh verməyəcəm, daxili işləridir. İstəyirlər dalaşsınlar, istəyirlər qırsınlar bir-birlərini. Özləri bilərlər. Fəqət, Qarabağdakı vəziyyəti bundan sonra Koçaryan və Sarkisyan kimi ünsürlər, canilər əsla və əsla dəyişə bilməyəcəklər. Çünki Azərbaycan qalibdir, Qarabağ Azərbaycanındır və bundan sonra da daim belə olacaq.

Bu reallığı artıq hamı və hər kəs dərk etməlidir! Ermənilər Azərbaycanın dəmir yumruğunu öz başları üzərində növbəti dəfə görmək, növbəti dəfə darmadağın, məhv olmaq istəmirlərsə, bundan sonra hər məqamda Azərbaycanın diqtə etdiyi şərtlərə tabe olmalı, Koçaryan və Sarkisyan kimi revanşistlərin, canilərin ətrafından uzaq durmalıdırlar”.

Teqlər: