KOBİA tərəfindən növbəti ictimai müzakirə təşkil olunub (FOTO)

Təhsil sahəsində sahibkarlıqla məşğul olan KOB-ların fəaliyyəti,
sektorun inkişaf potensialı, bu sahədə beynəlxalq təcrübə və
dövlət-özəl əməkdaşlığı müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, KOBİA-nın
dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə
keçirilmiş “Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai
müzakirəyə təhsil naziri Emin Əmrullayev də qatılıb. Tədbirdə
təhsil sahəsində fəaliyyət göstərən KOB subyektləri, müvafiq dövlət
qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri
iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov ictimai
müzakirənin təşkili məqsədi və KOBİA yanında İctimai Şuranın
fəaliyyəti barədə məlumat verib, tədbirin təhsil sahəsində
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ehtiyaclarının
öyrənilməsi, sektora investisiya qoyuluşu və təhsildə dövlət-özəl
tərəfdaşlığına dair müzakirələrin aparılması üçün keçirildiyini
vurğulayıb.

Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev ölkəmizdə
təhsilin inkişafı, bu sahədə görülən işlər, təhsilin biznes sahəsi
kimi formalaşması, bu sahədə imkanlar və beynəlxalq təcrübə barədə
danışıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki,
müxtəlif sahələrdə, o cümlədən təhsil sektorunda biznesin
inkişafına dəstək göstərmək KOBİA-nın fəaliyyət istiqamətlərindən
biridir. Vurğulanıb ki, Agentlik təhsil biznesi sahəsində əlavə
təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının
təkmilləşdirilməsinə, eləcə də mövcud resurslar çərçivəsində
sektorda çalışan sahibkarlarla birlikdə onların layihələrinin
icrasına dəstəyini davam etdirir. Agentlik KOB subyektlərinin
dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin
hazırlanmasında təhsil sektorunda fəaliyyət göstərən KOB-ların
potensialından da faydalanmaqda maraqlıdır.

Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan Özəl Təhsil
Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli təqdimatla çıxış
edərək təşkilatın fəaliyyəti barədə məlumat verib.

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarların
təklifləri dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri
tərəfindən biznes subyektlərini maraqlandıran suallar
cavablandırılıb.

Teqlər: