Azərbaycan iş adamları İordaniyada işgüzar səfərdədir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, KOBİA-nın
təşkilatçılığı, ölkəmizin İordaniyadakı Səfirliyi ilə
əlaqələndirilməklə baş tutan səfərin məqsədi Azərbaycan və
İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin
genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin
reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və
İordaniya bazarına çıxış perspektivlərinin müvafiq qurumlarda
müzakirə olunmasıdır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik
etdiyi nümayəndə heyətinə ölkəmizdə biznesə dəstək göstərən müvafiq
qurumların, biznes assosiasiyaların nümayəndələri, eləcə də kənd
təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət
göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları
daxildir.
İordaniyaya səfər çərçivəsində aprelin 17-də Əmmanda KOBİA-nın
İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin investisiya naziri
Khairy Amr ilə görüşüb. Görüşdə Orxan Məmmədov KOBİA və Azərbaycan
iş adamlarından ibarət nümayəndə heyətinin səfər proqramı barədə
məlumat verərək ölkələrimiz arasında ticarət və investisiya
sahəsində əməkdaşlığın inkişafının vacib istiqamətlərdən olduğunu
vurğulayıb. Qeyd olunub ki, Agentlik biznes və investisiya
təşəbbüsləri ilə bağlı məlumat mübadiləsinə dair birgə əməkdaşlıq
platformalarına, İordaniya iş adamlarının Azərbaycana işgüzar
missiyasının təşkilinə və ölkəmizdə keçiriləcək sərgilərdə
iştirakına dəstək göstərməyə hazırdır. Potensial investisiya
layihələrinin mübadiləsi və birgə müəssisələrin yaradılması
imkanlarının nəzərdən keçirilməsində də KOBİA İordaniyanın müvafiq
qurumları ilə əməkdaşlıqda maraqlıdır.
İordaniyanın investisiya naziri Khairy Amr Azərbaycanın biznesə
dəstək göstərən qurumlarının nümayəndələrindən və iş adamlarından
ibarət nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu
bildirib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, gələcək
birgə təşəbbüslərə dəstək verəcəyini bildirib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İordaniyanın
Sənaye Palatasının sədri Fathi Al-Jagber arasında keçirilmiş
görüşdə isə ticarət əlaqələrinə və bu istiqamətdə iş adamları
arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi
aparılıb, Palatanın rəhbərliyi və İordaniya iş adamları Azərbaycana
səfərə dəvət olunub.
Görüş çərçivəsində Orxan Məmmədov və Fathi Al-Jagber əməkdaşlığa
dair Anlaşma Memorandumu imzaladılar. Sənəd sahibkarlıq sahəsində
məlumat və təcrübə mübadiləsi, iş adamları arasında əlaqələrin
təşviqi, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes
missiyaların təşkili kimi məsələləri əhatə edir.
Həmin gün Əmman şəhərində İordaniya-Azərbaycan İqtisadiyyat və
İnvestisiya Forumu keçirilib. Tədbir Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) və İordaniya İş Adamları Assosiasiyası
tərəfindən birgə təşkil olunub.
Forumda Azərbaycan tərəfindən kənd təsərrüfatı, turizm,
otelçilik, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş
adamları iştirak ediblər. İordaniya tərəfi də biznes forumda
müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil
olunub.
Forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə
aparılan uğurlu iqtisadi islahatlar, sahibkarlar üçün yaradılmış
əlverişli biznes və investisiya mühiti, KOBİA-nın dəstək
mexanizmləri barədə tədbir təşkilatçılarına məlumat verib.
İordaniyanın investisiya naziri Kheiry Amr, İordaniya İş Adamları
Assosiasiyasının sədri Hamdi Tabbaa, Azərbaycan Respublikasının
İordaniyadakı səfiri Eldar Səlimov və İordaniyanın ölkəmizdəki
səfiri Sami Asem Ğoşeh müvafiq olaraq ölkələrimiz arasındakı
iqtisadi-ticarət əlaqələrinə, biznes və investisiya potensialına,
birgə əməkdaşlıq imkanlarına dair fikir və təkliflərini
bölüşüblər.
Tədbirdə Azərbaycanda biznesi dəstəkləyən qurumların – KOBİA,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
(AZPROMO), Azərbaycan Sahibkarlar Təşkilatları Milli
Konfederasiyasının nümayəndələri, Azərbaycan Nar İstehsalçıları və
İxracatçıları Assosiasiyası, Azərbaycan Qida və İçki İstehsalçıları
Assosiasiyasının rəhbərləri və digər iş adamları biznes və ticarət
sahəsində əməkdaşlıq perspektivləri, Azərbaycanda biznes imkanları,
iş adamlarının şəbəkələşməsi barədə təqdimatlarla çıxış
ediblər.
İordaniyanın İnvestisiya Nazirliyi, Sosial İnvestisiyaların
Müdafiəsi Fondu, İordaniyanın Azad İnkişaf Zonaları Qrupu
tərəfindən bu ölkənin biznes imkanları, əməkdaşlıq üçün sektorlar,
Azərbaycan sahibkarları ilə birgə layihələrin icrası barədə məlumat
verilib.
Forum çərçivəsində KOBİA və İordaniya İş Adamları Assosiasiyası
arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.