Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini olmuş Tamerlan Vahabov Ukraynanın daxili işlər nazirinin müşaviri, nazirlikdə yeni yaradılmış İslahatlar İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.
AzerTimes-ın məlumatına görə, Tamerlan Vahabov oktyabr ayından etibarən vəzifəsinin icrasına başlayıb.
Ukraynanın Daxili İşlər Nazirliyinə milli polis, milli qvardiya, sərhəd qoşunları, miqrasiya xidməti, fövqəladə hallar xidməti və dövlət xidmətləri mərkəzi daxildir. Yeni yaradılmış İslahatlar İdarəsi bu sahələr üzrə islahatların təşkili və səmərəli həyata keçirilməsini təmin edəcəkdir.
Qeyd edək ki, Tamerlan Vahabov 1982-ci ildə anadan olub. 1998-2002-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Hüquq, 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə bakalavr, 2007-2010-cu illərdə ABŞ-ın Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbində İqtisadiyyat və beynəlxalq münasibətlər, ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbində Müdafiə məsələlərinin planlanması və təhlili üzrə magistr təhsili alıb. T.Vahabov 2002-2012-ci illərdə Daxili İşlər Nazirliyində BMT-nin İnkişaf Proqramının layihəsində, Fransada İnterpolun Baş Katibliyində, Xarici İşlər Nazirliyində, ABŞ-da Atlantik Şurasında “Qara Dəniz-Xəzər enerji təhlükəsizliyi” layihəsində, Ukraynanın “Kyiv Weekly” qəzetində müxtəlif vəzifələrdə çalışıb, 2012-2020-ci illərdə İKT sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub, 2020-ci ildə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri və sədrin müavini, daha sonra isə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən yaradılmış Birləşmiş Tranzit Operatoru kommersiya hüquqi şəxsin direktoru vəzifələrində çalışıb.