EY Azərbaycan şirkətinin Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə keçirdiyi “EY İlin İş Adamı”
müsabiqəsinin qalibi martın 10-da elan ediləcək.
Müsabiqədə bu il Azərbaycandan 9 şirkət iştirak edir. Bunlar
“ATL Tech”, “ELAD”, “Fortune
Trade”, “IDEA”, “JL Tech”, “Your Decor and Events”, “ZIRA Natural & Gourmet”
şirkətləri, “Portmanat” və
“YIĞIM Ödəniş Sistemi”dir. Qalib bu
şirkətlər arasından seçiləcək və “Dünya üzrə İlin İş Adamı”
müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.
Artıq üçüncü ildir ki, KOBİA-nın tərəfdaşlığı ilə təşkil olunan
“EY İlin İş Adamı” müsabiqəsi ABB-nin maliyyə dəstəyi ilə
keçirilir. AZPROMO və “Ekvita” müsabiqənin tərəfdaşları
sırasındadır.
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı”
müsabiqəsi 1986-cı ildən keçirilir. Azərbaycandan başqa 60-dan çox
ölkədə təşkil edilən “EY İlin İş Adamı” müsabiqəsi dünyanın nüfuzlu
işgüzar mükafatlarından sayılır. “EY İlin İş Adamı” proqramının
məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq
fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş
etdirməklə başqalarını ilhamlandırmaqdır.
Müsabiqədə iştirak edən şirkətlər barədə məlumat:
ATL Tech
“ATL Tech” Azərbaycanda ən
iri proqram təminatı şirkətlərindən biridir, həm işçilərin sayına,
həm də gəlirlərinə görə. Şirkət əlaqə mərkəzi üçün həllər və ERP
(müəssisə resurslarının planlaşdırılması) proqram təminatını
müştərilərinə təqdim edir. “ATL Tech”in məqsədi şirkətlərin
səmərəli və əlçatan olmasını təmin etməkdir. Gündəlik olaraq
“ATL”in proqram təminatı vasitəsilə 30-40 min telefon zəngi işlənir
və idarə olunur. “ATL”in Azərbaycan dilində nitqin tanınaraq mətn
şəklinə çevrilməsini mümkün edən süni intellekt laboratoriyası
mövcuddur. “ATL” öz fəaliyyətini Azərbaycanın kənarlarında da
genişləndirir və hazırda qonşu Gürcüstan, Böyük Britaniya və
ABŞ-dakı müştərilərə xidmət göstərir. “ATL Tech” proqram
təminatının işlənib hazırlanması üzrə regional liderə çevrilməyi
planlaşdırır.
ELAD
“ELAD” avtomobil sahəsində 16
ildən artıq təcrübəyə malik nəqliyyat xidmətləri göstərən
şirkətidir. “ELAD” avtomobil xidmətləri bazarında məsuliyyətli və
etibarlı tərəfdaş kimi tanınır. Şirkət aşağıdakı xidmətləri
göstərir: sərnişin daşıma xidməti (shuttle bus service), hava limanından və hava
limanına transfer xidməti, qonaqların şəhər daxilində və ölkə
daxilində qarşılanması və daşınması, sürücü ilə avtomobil icarəsi,
nəqliyyat vasitələrinin evakuasiyası, ofislərin köçürülməsi və
sair. Şirkət həmçinin yük daşınma xidmətini də təqdim edir.
Hal-hazırda “ELAD” şirkəti müştərilərin nəqliyyat xidmətləri ilə
bağlı istənilən problemini həll etməyə imkan verən, müxtəlif
kateqoriyalı nəqliyyat vasitələrinə malikdir.
Fortune Trade
“Fortune Trade” sürtkü yağları,
filterlər, müxtəlif təyinatlı mayelər və AdBlue məhsulları üzrə bir
neçə dünya brendinin Azərbaycanda tədarükçüsü və rəsmi
distribüteridir. Sənaye, mühərrik, transmissiya yağları, əyləc
mayeləri, antifrizlər, geniş çeşiddə filter seçimi və AdBlue-lar
ilə həm korporativ, həm də fərdi müştərilərin tələbatını ödəyir.
Bundan əlavə, bu məhsulların online satışı üçün yaradılmış ilk
platforma olan “www.oilmarket.az” -ın təsisçisidir. “Fortune Trade”
yaxın illərdə Azərbaycanda sürtkü yağları istehsalına başlamağı
planlaşdırır və yaratdığı Azərbaycan markasını dünya bazarına
tanıdaraq xaricə ixrac etməyi hədəfləyir. Bununla belə, şirkət
artıq xaricdə yaranmağa başlayan müştəri portfelini daha da
genişləndirməyə planlaşdırır.
IDEA
“IDEA” şirkəti 2003-cü ildən
fəaliyyət göstərir və ictimai ərazilər üçün taxta və metaldan kiçik
memarlıq formaların istehsalı və onların inşaat layihələrində
tətbiqi ilə məşğul olur. İstehsal edilən kiçik memarlıq formalarına
açıq məkanlarda istifadə edilən oturacaqlar, dirəklər, köşklər,
perqolalar, dayanacaqlar və s. kimi elementlər aiddir. Hazırda
şirkətin portfoliosunda artıq 500-dən çox çeşid mövcuddur.
Məhsullar yüksək keyfiyyəti və uzunmüddətli zəmanəti ilə fərqlənir
və Qətər, BƏƏ, Rusiya, Böyük Britaniya, eləcə də digər ölkələrə
ixrac olunur. “IDEA” şirkəti MDB və Yaxın Şərq regionunda bu cür
geniş çeşid sprektri təklif edə bilən yeganə şirkətdir. “IDEA”nın
məqsədi dünyada öz sahəsində tanınmış brendə çevrilərək Azərbaycanı
təmsil etməkdir.
JL Tech
“JL Tech” şirkəti “data”
texnologiyaları sahəsində fəaliyyət göstərir. “JL Tech”in köməyi
ilə müştərilərilər məlumatları asanlıqla emal edərək onları daha
səmərəli istifadə edə bilirlər. Şirkət “Oracle”ın regionda ən iri
təchizatçısıdır və onun “Qızıl tərəfdaş” və “İlin tərəfdaşı”
statuslarına malikdir. Azərbaycanla yanaşı, “JL Tech” Gürcüstan və
Ukraynada nümayəndəlikləri vardır. Bundan əlavə, 2021-ci ilin
yanvar ayından etibarən şirkətin nümayəndəliyi Türkiyədə də
fəaliyyət göstərir və burada fəaliyyətinin genişləndirilməsi
planlaşdırılır.
Portmanat
“Portmanat” Azərbaycanın ilk
elektron pulqabı sistemidir. “Portmanat”ın əsas məqsədi insanların
həyatına dəyər qatmaq və onlayn təcrübəni istifadəçilər üçün
asanlaşdırmaqdır. Şirkət müştərilər üçün B2B və B2C həlləri təklif
edir. “Portmanat” olduqca qısa müddətdə (təxminən 2 saat ərzində)
ödəniş sistemini veb saytlara inteqrasiya etməyə imkan verən ilk
platformadır. “Portmanat” müştərilərə qısamüddətli kreditlərin
verilməsi xidmətini təqdim edir. “Portmanat Avans” adlı digər
məhsul vasitəsilə müxtəlif şirkətlərin işçiləri əmək haqqının
müəyyən hissəsini vaxtından əvvəl əldə edə bilərlər. “Portmanat”
rəqəmsal banka çevrilməyi və öz ödəniş kartlarını buraxmağı
planlaşdırır.
YIĞIM Ödəniş Sistemi
2017-ci ildə təsis edilmiş “YIĞIM
Ödəniş Sistemi” şirkətlərə yüksək texnologiyalı ödəniş həlləri
təklif edir. Sahibkarlara bir qoşulma ilə qısa zamanda çox saylı
ödəmə kanalları üzərindən (Nağd Ödəniş terminalları, Mobile Banking
tətbiqləri, elektron pul kisələri) ödənişləri toplamaq imkanı
yaradır. Brend eyni zamanda prosessinq xidməti kimi də fəaliyyət
göstərir. Şirkətlərə saytlarında və mobil tətbiqlərində bank
kartları ilə ödənişlərin qəbulu üçün geniş funksiyalı həllər təklif
edir. “YIĞIM Ödəniş
Sistemi” kart məlumatlarını yadda saxlamağa və emal etməyə imkan
verən “PCI DSS Level 1” sertifikatına malikdir. İstifadə edilən
proqram təminatı tam olaraq “YIĞIM” brendinə məxsusdur. Eksklüziv
həllər, çeviklik və peşəkar yanaşma 200-dən çox şirkətin nağd və
nağdsız ödənişlərini “YIĞIM Ödəniş Sistemi”nə etibar etməsinə səbəb
olub. Onların sırasında “Wolt”, “Bolt”, “Maxim” kimi beynəlxalq
şirkətlər, “Absheron Group”, “PMD Hospitality” otelləri, “189”, “Optimal Electronics”, “Music Gallery” kimi tanınmış brendlər
mövcuddur. Göstərilən xidmətlər təkcə Azərbaycanda deyil, həm də
digər ölkələrdə unikal sayıla bilər. Məhz bu səbəbdən şirkətin
mövcud müştəriləri fəaliyyət göstərdikləri Gürcüstan, Qazaxıstan və
Mərkəzi Asiya ölkələrində bu xidmətlərdən yararlanmaq üçün “YIĞIM”-
ı sözügedən ölkələrdə də əməkdaşlıq etməyə dəvət ediblər. 2022-ci
ildə şirkətin ən azı iki xarici ölkədə xidmət göstərməsi
planlaşdırılır.
Your Decor and Events
“Your Decor and Events”
şirkəti 2018-ci ildə təsis edilib. Şirkət müştərilərinə tədbirlərin
təşkili və idarə edilməsi, reklam, brendləşdirilmiş məhsullar, VIP
hədiyyələr və s. kimi sahələrdə müxtəlif xidmətlər təklif edir. “Your Decor and Events” təkcə Azərbaycanda deyil, həm də Kanada,
ABŞ və Avropa ölkələrində tanınır. Şirkət dövlət əhəmiyyətli və bir
sıra beynəlxalq tədbirlərin təşkilində iştirak edib. “Your Decor
and Events” müştərilərinə tədbirləri düzgün təşkil etməkdə və
onların həyata keçirmək istədikləri ideyaları gerçəkləşdirməkdə
köməklik göstərir.
ZIRA Natural & Gourmet
“ZIRA Natural &
Gourmet” bazarın premium və lüks seqmenlərini təmsil etməklə,
mürəbbələr, cemlər, souslar və tərəvəz qəlyanaltıları istehsal edən
milli brenddir. “ZIRA”nın əsas konsepsiyası ölkənin zəngin kənd
təsərrüfatı və qastronomiya ənənələrini nümayiş etdirən yüksək
keyfiyyətli məhsulları istehsal etmək və Azərbaycanı dünya
arenasında premium qida sektorunda layiqincə tanıtmaqdır.
Məhsullara dair əsas tələb xammalın təbii yolla yetişdirilməsidir.
Məhz buna görə, bütün inqrediyentlər kimyəvi maddələr istifadə
etməyən kiçik yerli fermerlərdən tədarük edilir. Şirkət öz
məhsullarını xarici ölkələrə, əsasən Rusiya, Qazaxıstan, Belarus və
Ukraynaya, habelə Azərbaycan məhsulları üçün qeyri-ənənəvi Yaponiya
və ABŞ kimi bazarlara ixrac edir.