İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə mikro, kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlarla əməkdaşlıq edir.
KOBİA “Kiçik Biznes üzrə Beynəlxalq Şura”ya (The International Council for Small Business – ICSB) üzv qəbul edilib. 1955-ci ildən etibarən fəaliyyət göstərən və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirən ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir.
KOBİA ICSB ilə KOB-lara dəstək sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, bu sahədə Azərbaycan təcrübəsinin digər təşkilatlara çatdırılması, təşkilata üzv olan digər qurumlarla əlaqələrin inkişafı və s. istiqamətlərdə əməkdaşlıq edəcəkdir.