KOBİA-da YAP-ın ərazi partiya təşkilatı yaradıldı (FOTO)

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ərazi partiya
təşkilatı təsis edilib.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, aprelin 14-də KOBİA-da
keçirilmiş iclasda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir
Vəliyev, YAP Nərimanov rayon təşkilatının və KOBİA-nın YAP-a üzv
olan əməkdaşları iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik
əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olduğunu, 30%-ə
yaxın KOBİA əməkdaşının isə YAP-ın üzvü olduğunu qeyd edib, ərazi
partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. Bildirilib ki,
Agentlik ərazi partiya təşkilatı vasitəsilə YAP-ın tədbirlərində və
təşəbbüslərində fəal iştirak edəcək, birgə tədbirlər həyata
keçiriləcəkdir.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Samir Vəliyev 800 minə yaxın üzvü olan partiyanın bu il 30
illiyinin qeyd ediləcəyini vurğulayıb. Qeyd olunub ki, gənclər
YAP-ın yarandığı ilk gündən onun qurucusu, Ulu Öndər Heydər
Əliyevin və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Təşkilat sədri
bildirib ki, YAP-ın Nərimanov rayon təşkilatının 110-dan çox ərazi
partiya təşkilatı var və KOBİA-da yaradılmış ərazi partiya
təşkilatı da qurumun işinə öz töhfəsini verəcək, birgə tədbirlər
həyata keçiriləcəkdir.

İclasda KOBİA-nın İdarə Heyətinin sədrinin müşaviri Emil
Hüseynli ərazi partiya təşkilatının sədri, Agentliyin baş auditoru
Asif Həsənov isə sədr müavini seçilib, birgə fəaliyyət
istiqamətləri müzakirə olunub.

Teqlər: