Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda
sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və
təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o
cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə
sahibkarların məlumatlandırılması üçün görüşlərini davam
etdirir.
Agentlikdən AzerTimes-a verilən
məlumata görə, növbəti belə görüş aprelin 7-də Ağstafa rayonunda
təşkil olunub. KOBİA və Ağstafa Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə keçirilmiş görüşdə Ağstafa və ətraf bölgələrdən
olan sahibkarlar, rayonda sahibkarlara xidmət göstərən dövlət
qurumlarının nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində KOBİA-nın Ağstafa rayonu üzrə Kiçik və Orta
Biznesin dostu – KOB dostu da rayonun biznes ictimaiyyətinə təqdim
olunub. Bu, Qazax–Tovuz iqtisadi rayonu üzrə sayca 2-ci KOB
dostudur. Hazırda KOB dostları ölkənin 31 şəhər və rayonunda
fəaliyyət göstərir.
Ağstafa rayonu üzrə KOB dostu ofisi rayonun Heydər Əliyev
Mərkəzində fəaliyyət göstərəcək. KOB dostu rayonda yeni sahibkarlıq
subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına
hərtərəfli dövlət dəstəyini təmin edəcək. Bu məqsədlə KOB dostu
sahibkarların maraqlarının müdafiəsi, investisiya təşəbbüslərinin
reallaşdırılması, biznes məsələlərinə dair məlumatlandırma,
sahibkarların qarşılaşdıqları çətinliklərin həlli istiqamətlərində
dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq
tədbirlər həyata keçirəcək, dəstək və xidmətlər göstərəcəkdir.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB
dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək
mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və
biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz təhfəsini
verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa
dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər
şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun
iqtisadi potensialının geniş olduğunu və rayonda sahibkarlıq
fəaliyyəti üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb,
KOB dostunun sahibkarlara dəstək olacağına əminliyini
vurğulayıb.
Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən
dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların
təklifləri dinlənilib və onları maraqlandıran suallar
cavablandırılıb.