Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək
sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş
ikinci qrant müsabiqəsi üzrə qalib layihələrin
maliyyələşdirilməsinə başlanılıb.
Layihələr onlayn sənəd databazasının, tullantı sularından
elektrik enerjisi istehsal edən qurğunun, “Ağıllı Data Analitika
Platforması”nın yaradılması, tullantıların ağıllı yolla toplanması
və emalı, qida məhsullarının satışı üçün mobil tətbiq və vahid
anbar sistemi, qadın sahibkarlığın inkişafı, “əşyaların
intellekti”, arıçılıq təsərrüfatlarının məhsuldarlığının
artırılması üçün avadanlığın hazırlanması, yerli tekstil
məhsullarının Avropa bazarına ixrac imkanlarının genişləndirilməsi,
sosial sahibkarlığın inkişafı, KOB-ların uçot və hesabatlığını
sadələşdirən proqram təminatı, Azərbaycan dilində audio\video
faylları mətnə avtomatik çevirmə sistemi və startap ekosisteminin
inkişafına dəstək istiqamətlərini əhatə edir.
Martın 16-da KOBİA-nın təşkilatçılığı ilə müsabiqə qalibləri ilə
görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair
müqavilələr imzalanıb.
İkinci qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın
İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların
layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini
və müsabiqəyə 200 layihənin təqdim olunduğunu bildirib. Qeyd olunub
ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert
Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin
maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin
maliyyələşdirilməsinə təqribən 248 min manat vəsaitin ayrılması
nəzərdə tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank
hesablarına köçürüləcək. Birinci qrant müsabiqəsində qalib gəlmiş
15 KOB subyektinin layihəsi isə təqribən 280 min manat məbləğində
maliyyələşdirilib.
Orxan Məmmədov qeyd edib ki, Agentlik maliyyələşdirilmiş
layihələrin davamlı və KOB-lar üçün faydalı olmasında maraqlıdır.
KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı
üzrə istifadə edilməsinə nəzarət olunacaq. Şəffaflığın və
hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq və
layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq
məlumatlandırılacaqdır.
Tədbir çərçivəsində həmçinin, birinci qrant müsabiqəsi
çərçivəsində layihələri maliyyələşdirilmiş sahibkarların məhsul və
xidmətlərindən ibarət kiçik sərgi təşkil olunub.
Qeyd: Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və
dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 2-ci
qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr – 14 dekabr 2021-ci il
tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16
dekabr 2021-ci il – 10 fevral 2022-ci tarixlərində həyata
keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin
qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun
mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri,
innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki
məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi
təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi
amillər əsas götürülüb.