Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin böyük hissəsi razılaşdırılıb və onun imzalanması üçün siyasi iradə lazımdır.
AzerTimes xəbər verir ki, bunu bu postda öz missiyasını başa vuran AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Taivo Klaar deyib.
Onun fikrincə, tərəflər arasında yekun razılığın əldə edilməsi əlçatan məsafədədir və sülh müqaviləsi regiondakı vəziyyəti tamamilə dəyişəcək:
“Düşünürəm ki, ölkələrin liderləri bu mövqeyi bölüşürlər və bu məsələ ilə bağlı yekun razılaşmaların əldə edilməsi üçün bütün lazımi addımları atacaqlar”.
O qeyd edib ki, bu proses çox kövrəkdir, bunu iki ölkə liderlərinin Böyük Britaniyada danışıqlar aparmaması sübut etdi.
Yeni görüşlərə gəlincə, Klaar bildirib ki, tərəflər bu məsələni həll edərsə, AB yenidən vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
Siyasətçi ümid etdiyini bildirib ki, “Dağlıq Qarabağ erməniləri məsələsi” nizamlanma prosesinin tərkib hissəsinə çevriləcək.
O vurğulayıb ki, Azərbaycanın öhdəlikləri var və bundan imtina etmir.
Klaar qeyd edib ki, Bakı bu kontekstdə Qərbi Azərbaycan məsələsini dilə gətirir, lakin avropalı diplomatın fikrincə, bu mövzuları eyni müstəvidə nəzərdən keçirmək olmaz:
“Bir daha ümid edirəm ki, düşmənçilik və zorakılıq səhifəsi, nəhayət, Qarabağ erməniləri də daxil olmaqla, regionda əhalinin bütün təbəqələrinin xeyrinə çevriləcək. AB bu məsələdə fikrini çox aydın bildirib. Mən də gözləyirəm ki, Qarabağ erməniləri normallaşma prosesinin bir hissəsi olacaq və onların öz bölgələrinə təhlükəsiz və ləyaqətlə qayıtmaları ilə bağlı Bakı ilə onlar arasında birbaşa danışıqlar aparılacaq.
Azərbaycanın bununla bağlı öhdəlikləri var, mənə elə gəlir ki, bunu inkar etmir. Belə gələcəyin parametrləri və şərtləri inklüziv və qarşılıqlı hörmət əsasında dialoq vasitəsilə tapılmalı və razılaşdırılmalıdır. Normallaşma mənim üçün açıq yaraların olmaması deməkdir və buna görə də bu məsələ daha geniş sülh prosesinin bir hissəsi olmalıdır. Bəzən bu kontekstdə başqa məsələlər də gündəmə gətirilir, məsələn, “Qərbi Azərbaycan” deyilən məsələ. Mənim üçün bunlar tamamilə fərqli suallardır, onları qarışdırmaq olmaz.
Birincisi, Qarabağ ermənilərinin öz ata-baba yurdlarına qayıtmasına şərait yaradılmalıdır ki, bu da Azərbaycanın öhdəliyidir. İkincisi isə əvvəllər Azərbaycanın başqa yerlərində, o cümlədən Bakıda yaşayan ermənilər və ya Ermənistanda yaşayan azərbaycanlılar məsələsidir.
Təbii ki, onlar da özlərinin və ya ailələrinin yaşadıqları yerlərə getməli, hətta istəsələr, oraya qayıtmalıdırlar və bu da normallaşmanın nəticəsi olmalıdır, amma bu, Qarabağ ermənilərinin konkret məsələsindən tamam fərqli sualdır”.
Qeyd edək ki, Klaarın bu cür birtərəfli, Qərbi azərbaycanlıların hüquqlarına hörmət etməyən, erməniləri müdafiə edən yanaşmasına artıq Qərbi Azərbaycan İcması cavab verib.