Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsi AB-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib. O, bu vəzifədə Toivo Klaarı əvəz edəcək.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Maqdalena Qrono Çexiyadandır:
“Mqadalena Qrono AB Şurasının Prezidenti Şarl Mişelin baş müşaviri vəzifəsində çalışıb. Toivo Klaar Şarl Mişelin tapşırıqlarını yerinə yetirir, Bakı ilə İrəvana səfərləri sırasında Brüsselin təkliflərini çatdırırdı. Onun açıqlamaları bəzən ziddiyətli olurdu. Ədalət naminə demək lazımdır ki, Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün çox çalışdı, ancaq onun planlarını Fransa Prezidenti Emmanuel Makron pozdu. Makron “mən də masada oturmalıyam” deməsəydi, Şarl Mişelin Bakı ilə İrəvan arasında moderatorluğa davam edəcəkdi. Rəsmi Bakı Makronun iştirakıyla Brüsselin moderatorluğunu qəbul etmədi. Bununla Brüssel Berlinin və Vaşinqtonun arxasında qaldı, indi əsas moderatorlar bu iki dövlətdir. Odur ki, Fransa masadan çəkilmədiyi müddətdə Maqdalena Qrononun Bakı və İrəvana səfərləri nəticə verməyəcək”.