Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaara elə gəlir ki, Azərbaycan mediasında Ermənistana qarşı “təhdid” var.
AzerTimes xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
O iddia edib ki, “Azərbaycan mətbuatında Ermənistana qarşı təhdidlər qəbuledilməzdir”:
“Sərhədin delimitasiyası ilə bağlı həqiqi danışıqlara ehtiyac var və bütün ərazi mübahisələri sülh yolu ilə və razılaşdırılmış proses vasitəsilə həll edilməlidir”.
Qeyd edək ki, Azərbaycan mediasında hansısa politoloq və yaxud şərhçinin işğalda olan kəndlərimizin qaytarılmasında güc amilindən istifadənin mümkünlüyü barədə açıqlaması ola bilər. Ancaq mediada hansısa politoloqun açıqlamasından hansısa bir ölkənin və yaxud o ölkənin himayədarlarının – bu kontekstdə Ermənistan və Klaarın – rəncidə olub, qorxuya düşməsi, deyəsən, ilk faktdır.
Əksinə, erməni mediası, Ermənistan Baş naziri Nikol Paşinyanın da dəfələrlə dediyi kimi, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə – 29,743 kv.km-ə – qətiyyən daxil olmayan, buna baxmayaraq, işğal altında saxlanılan Qazaxın 7 kəndinin geri qaytarılmaması üçün təxribatçı təbliğatını aktiv şəkildə davam etdirir. Erməni mediası yerli sakinləri də qızışdıraraq, onların “silahlı müqavimət göstərəcəyini” bildirir və Azərbaycanı hədələməklə məşğul olur. Hətta “Döyüş qardaşlığı” və ya “Milli Demokratik Qütb” adlı təşkilatların İrəvanda və Qazaxın işğal altındakı kəndlərində faktiki terror fəaliyyətlərini müdafiə edir.
Yeri gəlmişkən qeyd edək ki, Ermənistan DİN də bugünkü açıqlamasında “Ermənistanda heç bir terrorçu təşkilat olmamalıdır” sözləri ilə Milli Demokratik Qütb təşkilatının 3 üzvünün İrəvanda polis bölməsinə bomba ilə hücum etməsini dolayısı ilə terror cəhdi adlandırıb. Bu qanunsuz silahlı təşkilatlara misilsiz informasiya dəstəyini göstərən, bomba ilə hücum edənlərin həbsinə qarşı çıxan isə erməni mediasıdır.
Ona görə də Klaarın bu statusu ən azı, təəccüblü, yumşaq desək, həddən artıq ermənicanlıdır.