NATO-nun 7 üzv ölkəsi Ukraynanın alyansa dəvət edilməsinin əleyhinədir.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” Vaşinqton və NATO-dakı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin nəşrə verdiyi məlumata görə, Almaniya və ABŞ Zelenskinin ölkəni NATO-ya üzv olmaq üçün təcili dəvət çağırışına ləng cavab verən ən böyük dövlətlər sırasındadır, çünki onlar Rusiya ilə müharibəyə cəlb olunmaqdan qorxurlar:
“Macarıstan və Slovakiya da müqavimət göstərir. Onların hazırkı liderləri ümumiyyətlə kremlpərəst mövqe tuturlar. Macarıstanın Baş naziri Viktor Orban AB-nin Ukraynanı silahlandırmaq üçün ayrılan vəsaitlərini bloklayıb və Kiyevə silah yardımı göstərən NATO proqramından çıxıb. Öz növbəsində, Slovakiya Baş naziri Robert Fitso da Ukraynanın NATO-ya daxil olmasının üçüncü dünya müharibəsi üçün yaxşı əsas olacağı haqda xəbərdarlıq etdi və bununla heç vaxt razılaşmayacağını bildirdi”.
NATO-dakı məmurlardan biri nəşrə açıqlamasında deyib ki, Ukraynanın alyansa üzvlüyünün əleyhinə Belçika, Sloveniya və İspaniya da çıxış edir:
“Amma bu ölkələr əsasən ABŞ və Almaniyanın arxasında gizlənirlər. Bu ölkələr mücərrəd şəkildə ideyanı dəstəkləyirlər, lakin o, reallaşmaya yaxınlaşdıqda daha açıq şəkildə ona qarşı çıxmağa başlayacaqlar”.