Kiyevin mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılacaq (FOTO)

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Azərbaycanın Ukraynadakı səfirliyindən AzerTimes-a verilən məlumata görə, səfirlik ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən səfir Elmira Axundova bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Ukraynanın Xarkov və Kiyev şəhərlərində mütəfəkkirin heykəli ucaldılacaq.

“Universitetinizin Nəbatat Bağında Nizami Gəncəvinin abidəsinin ucaldılmasına verdiyiniz səmimi dəstəyə görə Sizə və rəhbər heyətinizə təşəkkür edirəm. Bu, bir daha Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsində də Ukraynanın səmimi dəstəyinin şahidi oldu”, – deyə səfir qeyd edib.

Elmira Axundova diqqətə çatdırıb ki, Nəbatat Bağında Nizami Gəncəvinin heykəlinin ətrafında təmir-bərpa işləri də həyata keçiriləcək. Bu işlər isə Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyi tərəfindən yerinə yetiriləcək. Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədovdur.

Rektor Vladimir Buqrov öz növbəsində qeyd edib ki, Nizami Gəncəvi kimi dahi mütəfəkkirin Kiyevdə heykəlinin ucaldılmasından məmnundur. Bu hadisə Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. “Ukraynada Azərbaycanın tanınmış simalarının abidələri olduğu kimi, Azərbaycanda da ölkəmizin tarixi şəxsiyyətlərinin heykəlləri mövcuddur. Bu praktikanı inkişaf etdirmək yalnız xoş təəssürat yaradır”, – deyə rektor vurğulayıb.

Tədbirdə iştirak edən Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev isə heykəl ətrafında xüsusi fəvvarənin salınacağını, oraya gələn şəhər sakinlərinin istirahəti üçün digər müvafiq işlərin görüləcəyini qeyd edib.

Sonda Taras Şevçenko adına Kiyev Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq sazişinin yenidən imzalanması, azərbaycanlı tələbələrin Ukraynada təhsili və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Teqlər: