Ukraynanın paytaxtı Kiyevdə çətin vəziyyətdə qalmış azərbaycanlı
tələbələr Vinnitsa şəhərinə aparılıb və orada olan bir qrup
həmyerlimizlə birgə Moldovaya yola salınıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata
görə, komendant saatı olduğuna görə Ukraynadakı Azərbaycan diasporu
təxliyə prosesinin polis maşınlarının müşayiəti ilə təhlükəsiz
yollarla həyata keçirilməsini təmin edib.
Soydaşlarımızın yaxın günlərdə vətənə gələcəyi gözlənilir.
Xatırladaq ki, bir neçə gün Kiyevdəki yaşayış binalarından
birinin yeraltı avtodayanacağında sığınacaq tapan 9 azərbaycanlı
tələbə təxliyə olunmaları xahişi ilə Azərbaycan dövlətinə müraciət
edib. Tələbələrlə daim əlaqədə olan Diasporla İş üzrə Dövlət
Komitəsi gənclərin yaxınlarından narahat olmamağı xahiş edir.
Ukraynada yaşayan soydaşlarımızın ölkəyə gətirilməsi fəaliyyəti
müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam
etdirilir.