Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü və təşkilatçılığı ilə Xocalının 29-cu ildonümü ərəfəsində Kiyevin “Jovten” kinoteatrında Xocalı soyqırımından bəhs edən “Sonsiz dəhliz” sənədli filmi təqdim edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, tədbirdə filmin rejissor və prodüseri Aleksandr Brokas, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Ukrayna Radasının deputatları Lyudmila Marçenko, Vladimir Kreydenko, Maryan Zablotski, Alyona Şkrum, Ukrayna Dövlət Kosmos Agentliyinin sədr əvəzi Mixail Lev, Ukrayna müsəlmanları dini idarəsinin sədri Şeyx Səid İsmayılov, Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Anton Korineviç, “Ukrpoçt” Aksioner Cəmiyyətinin Müşahidə Şurasının sədr müavini Fərid Səfərov, UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov, UAR-ın baş katibi Cəlal Hüseynov və başqa şəxslər iştirak ediblər.
Ümumilikdə 100 nəfərə yaxın tamaşaçının iştirak etdiyi film təqdimatı Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb. Tədbirdə UAR-ın baş katibi Cəlal Hüseynov və filmin rejissoru Aleksandr Brokas çıxış ediblər. Natiqlər bildiriblər ki, 29 il öncə Azərbaycanın Qarabağ bölgəsində Xocalı şəhərini zəbt edən erməni silahlı birləşmələri etnik azərbaycanlılara qarşı insanlığa sığmayan dəhşətli soyqırımı törədiblər. “Sonsuz dəhliz” filmində də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum etməsindən və dinc sakinləri kütləvi şəkildə qətlə yetirməsindən bəhs olunur. Film süjetlərdən və litvalı jurnalist Riçard Lapaitisin Xocalı faciəsinin şahidlərindən aldığı müsahibələrdən ibarətdir.
A.Brokas əlavə edib ki, sənədli ekran əsəri üzərində iş 2009-cu ildə başlayıb. Filmin ərsəyə gəlməsinə 5 il sərf olunub və həmin müddət ərzində təxminən 150 saatlıq hərbi xronika işlənib. “Filmi çəkərkən bizə elə gəlirdi ki, Xocalı faciəsi artıq üzərindən keçilməsi mümkün olmayan həddir. Lakin son 10 ilin tarixi göstərdi ki, təəssüf ki, bəşəriyyət bu xətti dəfələrlə keçib” – deyə rejissor vurğulayıb.