Ukraynanın qabaqcıl və qocaman ali təhsil müəssisələrindən olan Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) riyaziyyat, iqtisadiyyat, idarəetmə və digər sahələri əhatə edən kitablar hədiyyə edilib.
Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində dərslik və dərs vəsaitlərinin təqdim olunması MDU-da, ilk növbədə, İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültələrinin tədris-metodiki bazasının gücləndirilməsinə töhfə verilməsi məqsədi daşıyır.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da qabaqcıl xarici ali təhsil müəssisələri, o cümlədən KNEU ilə əməkdaşlığa xüsusi önəm verilir. Cari ilin mart ayından etibarən iki universitet arasında yaradılan işbirliyi çərçivəsində qarşılıqlı silsilə mühazirələr keçirilib, MDU-nun akademik və inzibati heyət üzvləri KNEU-da onlayn formatda təşkil edilən konfranslarda və seminarlarda fəal iştirak ediblər. 2021-ci ilin 28 oktyabr tarixində KNEU-nun 115 illik yubileyi mərasimində hər iki ali təhsil müəssisəsinin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə universitetlər arasında işbirliyinin inkişafında yeni dövrün başlanğıcı qoyulub.