Kütləvi informasiya vasitələri haqqında qanun

Kütləvi informasiya vasitələri haqqında qanun

Kütləvi informasiya vasitələri haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1. Kütləvi informasiya azadlığı
Vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təminat verilən söz və mətbuat azadlığı öz fikir və əqidələrini hər şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində ifadə etmək, məlumat axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququ deməkdir.
Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, alınması, seçilməsi, hazırlanması və yayılması;
kütləvi informasiya vasitələrinin təsis olunması;
kütləvi informasiya vasitələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam;
kütləvi informasiya vasitələri məhsulunun istehsalı və yayılması üçün lazım olan texniki qurğuların və avadanlığın, xammal və materialların alınması, hazırlanması, saxlanması və istismarı;
bu Qanunda müəyyən edilmiş qaydalar istisna olmaqla, məhdudlaşdırılmır.
Kütləvi informasiyanın inhisarlaşdırılmasına yol verilmir.
Maddə 2. Kütləvi informasiya vasitələri: əsas anlayışlar
Bu Qanunda “kütləvi informasiya” deyildikdə, açıq yayıla bilən mətbu, audio-audiovizual və başqa xəbər və materiallar;
“kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audkovizual xəbər və materialların (verilişlərin) məcmusu;
“kütləvi informasiya vasitəsinin məhsulu” deyildikdə, mətbu nəşrin ayrıca götürülmüş nömrəsinin tirajı, yaxud onun bir hissəsi, radio-teleproqramın, kinoxronika proqramının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi;
“kütləvi informasiya vasitəsi məhsulunun yayılması” deyildikdə, dövri mətbu nəşrlərin, proqramların audio və ya videoyazılarının satılması və ya paylanması, radio-teleproqramların translyasiyası, kinoxronika proqramlarının nümayişi;
“ixtisaslaşdırılmış kütləvi informasiya vasitələri” deyildikdə, qeydə alınması və ya məhsulunun yayılması üçün bu Qanunla xüsusi qaydalar müəyyən edilmiş kütləvi informasiya vasitələri;
“kütləvi informasiya vasitəsinin redaksiyası” deyildikdə, kütləvi informasiya vasitəsinin istehsalını və buraxılışını həyata keçirən təşkilat, müəssisə, idarə və ya vətəndaş, yaxud vətəndaşlar birliyi;
“baş redaktor (redaktor)” deyildikdə, vəzifəsinin adından asılı olmayaraq, redaksiyaya başçılıq edən və kütləvi informasiya vasitəsinin istehsalı və buraxılışı ilə əlaqədar qəti qərar qəbul edən şəxs;
“jurnalist” deyildikdə, qeydə alınmış kütləvi informasiya vasitəsinin redaksiyası üçün xəbər və materialların toplanması, hazırlanması, redaktəsi ilə məşğul olan, onunla əmək və ya digər müqavilə münasibətlərinə görə bağlı olan, yaxud onun tapşırığı üzrə bu cür fəaliyyətlə məşğul olan şəxs;
“naşir” deyildikdə, kütləvi informasiya vasitəsi məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən nəşriyyat, digər müəssisə, idarə (sahibkar), habelə naşirə bərabərləşdirilmiş hüquqi şəxs, yaxud vətəndaş;
“yayıcı” deyildikdə, redaksiya və ya naşir ilə müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi informasiya vasitəsi məhsullarının yayılmasını həyata keçirən şəxs;
“informasiya agentliyi” deyildikdə, kütləvi informasiyanın eyni vaxtda redaksiya, naşir, yayıcı statusuna və kütləvi informasiya vasitəsi rejiminə malik olan xüsusi dövri yayım forması nəzərdə tutulur.
M a d d ə 3. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində senzuraya — vəzifəli şəxslərin, dövlət orqanlarının, müəssisələrin, təşkilatların, idarələrin, yaxud partiyaların, digər ictimai birliklərin kütləvi informasiya vasitəsi redaksiyasından hər hansı xəbər və materialı (vəzifəli şəxsin müəllif olduğu, yaxud müsahibə verdiyi hallardan başqa) onlarla əvvəlcədən razılaşdırmaq tələblərinə yol verilmir.
M a d d ə 4. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi
Dövlət sirrini, habelə qanunla xüsusi qorunan digər sirləri yaymaq, mövcud konstitusiyalı quruluşu və dövlətin bütövlüyünü zorakılıqla devirmək və ya dəyişdirmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sinfi, sosial, dini müstəsnalığı, ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, parnoqrafiyanı yaymaq, digər cinayət əməlləri törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir.
Maddə 5. Kütləvi informasiya vasitələri haqqında qanunvericilik
Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası əsasında qəbul olunmuş bu Qanundan, Azərbaycan Respublikasının həmin Qanuna uyğun qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir.
Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş bütün kütləvi informasiya vasitələrinə şamil edilir.
M a d d ə 6. Kütləvi informasiya vasitələrinin dili
Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri üçün dil məhdudiyyəti qoyulmur.
Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiya alınmasında və yayılmasında dövlət dilindən, habelə bu və ya digər dildən istifadə etmək hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə təmin edilir.

II f ə s i l

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

Maddə 7. Kütləvi informasiya vasitəsini təsis etmək hüququ
Azərbaycan Respublikasında vətəndaş, vətəndaşlar birliyi, idarə, müəssisə, təşkilat, dövlət orqanı kütləvi informasiya vasitəsinin təsisçisi (həmtəsisçisi) ola bilər.
Aşağıda göstərilənlər:
yetkinlik yaşına çatmamış vətəndaş;
məhkəmənin hökmü ilə həbsdə cəza çəkən və ya məhkəmə tərəfindən iqtidarsız hesab edilən ruhi xəstə şəxs;
fəaliyyəti qanunla qadağan edilmiş vətəndaşlar birliyi və ya kollektiv, idarə, müəssisə, təşkilat;
başqa dövlətin vətəndaşı olan, yaxud vətəndaşlığı olmayan, Azərbaycan Respublikasında daimi yaşamayan şəxs təsisçi ola bilməz.
M a d d ə 8. Kütləvi informasiya vasitəsinin qeydə alınması
Kütləvi informasiya vasitəsi qeydə alındıqdan sonra onun redaksiyası fəaliyyətə başlayır.
Azərbaycan Respublikasının ərazisində təsis olunan bütün kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Dövlət Mətbuat Komitəsində qeydə alınır. Bu barədə ərizəyə onun alındığı gündən bir ay müddətində baxılır.
Kütləvi informasiya vasitəsi şəhadətnamə verildiyi gündən qeydə alınmış hesab edilir.
Kütləvi informasiya vasitəsi buraxılışına başlamaq hüququ şəhadətnamənin alındığı gündən bir il ərzində qüvvədədir. Bu müddət ərzində şəhadətnamədən istifadə olunmayıbsa, o, etibarsız hesab olunur, ödənilmiş qeydiyyat rüsumu isə geri qaytarılmır.
M a d d ə 9. Qeydiyyat barədə ərizə
Kütləvi informasiya vasitəsinin qeydə alınması barədə ərizədə aşağıdakılar göstərilir:
1) təsisçi barədə bu Qanunun tələbləri ilə şərtlənmiş məlumat;
2) kütləvi informasiya vasitəsinin adı;
3) dili (dilləri);
4) redaksiyanın ünvanı;
5) kütləvi informasiyanın dövri yayım forması (qəzet, jurnal, bülleten, proqram və s).
6) məhsulunun yayılacağı nəzərdə tutulan ərazi;
7) təxmini mövzuları və (yaxud) ixtisaslaşması;
8) kütləvi informasiya vasitəsinin nəzərdə tutulan buraxılış dövriliyi, maksimum həcmi;
9) maliyyələşdirmə mənbələri;
10) ərizəçinin daha hansı kütləvi informasiya vasitələrinin təsisçisi, mülkiyyətçisi, baş redaktoru (redaksiyası), naşiri, yaxud yayıcısı olduğu barədə məlumat;
11) qeydiyyat rüsumunun ödənildiyini təsdiq edən sənəd. Kütləvi informasiya vasitəsi qeydə alınarkən başqa tələblər irəli sürülmür.
Maddə 10. Kütləvi informasiya vasitəsinin yenidən qeydə alınması
Kütləvi informasiya vasitəsinin yenidən qeydə alınmasına yalnız onun təsisçisinin dəyişməsi, həmtəsisçilərinin tərkibinin, eləcə də adının, dilinin, dövri yayım formasının, məhsulunun yayıldığı ərazinin dəyişdirilməsi şərti ilə yol verilir.
Kütləvi informasiya vasitəsinin redaksiyasının yeri, buraxılış dövriliyi və maksimum həcmi dəyişdirilərkən təsisçi bu barədə qeydiyyatçı orqanı bir ay müddətində yazılı surətdə xəbərdar edir.
Kütləvi informasiya vasitəsinin yenidən qeydə alınması onun ilk dəfə qeydə alınması qaydasına uyğun olaraq həyata keçirilir.
Fəaliyyəti məhkəmə tərəfindən dayandırılmış kütləvi informasiya vasitəsi yenidən qeydə alınmır.
Maddə 11. Təkrar qeydəalmanın yolverilməzliyi
Qeydə alınmış eyni adlı kütləvi informasiya vasitəsi həmin və ya digər qeydəalma orqanında təkrar qeydə alına bilməz.
Təkrar qeydəalmanın məhkəmə tərəfindən müəyyən edildiyi hallarda qeydiyyat tarixi üzrə birinci qeydəalma qanuni sayılır.
M a d d ə 12. Qeydə almaqdan imtina edilməsi
Kütləvi informasiya vasitəsini qeydə almaqdan yalnız aşağıdakı əsaslarla imtina edilir:
1) ərizə bu Qanuna müvafiq olaraq kütləvi informasiya vasitəsi təsis etmək hüququna malik olmayan vətəndaş, vətəndaşlar birliyi, idarə, müəssisə, təşkilat adından verilmişdirsə;
2) ərizədə göstərilmiş məlumatlar həqiqətə uyğun gəlmirsə;
3) kütləvi informasiya vasitəsinin adı, təxmini mövzuları və (yaxud) ixtisaslaşması kütləvi informasiya azadlığından sui-istifadə mənasında bu Qanunun 4-cü maddəsinin birinci hissəsi ilə ziddiyyət təşkil edirsə;
4) həmin qeydiyyatçı orqan tərəfindən əvvəllər eyni adlı və eyni yayım forması olan kütləvi informasiya vasitəsi qeydə alınmışdırsa.
Qeydə almaqdan imtina barədə ərizəçiyə cavab bu Qanunda nəzərdə tutulmuş əsaslar göstərilməklə yazılı şəkildə göndərilir.
Qeydiyyat barədə ərizə aşağıdakı əsaslar olduqda baxılmadan geri qaytarılır:
1) bu Qanunun 9-cu maddəsinin birinci hissəsində göstərilən tələblər pozulmuşdursa;
2) təsisçi adından verilən ərizə səlahiyyəti olmayan şəxs tərəfindən təqdim olunmuşdursa;
3) qeydiyyat rüsumu ödənilməmişdirsə.
Həmin pozuntular aradan qaldırıldıqdan sonra ərizə baxılmaq üçün qəbul edilir.

M a d d ə 13. Qeydiyyat rüsumu
Kütləvi informasiya vasitəsinin qeydə alınması haqqında şəhadətnamənin verilməsi müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məbləğdə qeydiyyat rüsumu alınır. Reklam xarakterli xəbər və materiallar sahəsində ixtisaslaşan kütləvi informasiya vasitələri üçün yuxarı, uşaq və yeniyetmələr, əlillər, həmçinin təhsil və mədəni-maarif təyinatlı xəbər və materiallar sahəsində ixtisaslaşan kütləvi informasiya vasitələri üçün isə aşağı hədli rüsum müəyyən edilir.
Qeydə almaqdan imtina hallarında ərizəçi verdiyi qeydiyyat rüsumunu müraciət etdiyi gündən keçən üç ay müddətində geri ala bilər.
Qeydiyyat rüsumu mətbuatın inkişafına sərf olunmaq üçün Azərbaycan Respublikasının Mətbuat Fonduna keçirilir.

Maddə 14. Kütləvi informasiya vasitəsinin fəaliyyətinin dayandırılması və ona xitam
verilməsi
Kütləvi informasiya vasitəsinin fəaliyyəti yalnız təsisçinin qərarı ilə, yaxud da qeydiyyatçı orqanın iddiası üzrə məhkəmə tərəfindən dayandırıla və ya ona xitam verilə bilər.
Təsisçinin kütləvi informasiya vasitəsinin fəaliyyətini yalnız redaksiya nizamnaməsində, yaxud təsisçi ilə redaksiya (baş redaktor) arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda dayandırmaq və ya ona xitam vermək ixtiyarı var.
Bu Qanunun 4-cü maddəsində göstərilmiş tələblərin il ərzində, təsisçi və (yaxud) redaksiya (baş redaktor) qeydiyyatçı orqan tərəfindən yazılı surətdə xəbərdar edildikləri halda təkrar pozulması, habelə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarla əlaqədar kütləvi informasiya vasitəsinin fəaliyyətinin dayandırılması barədə məhkəmə qərarının icra edilməməsi kütləvi informasiya vasitəsinin fəaliyyətinə məhkəmə tərəfindən xitam verilməsi üçün əsasdır.
Kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilirsə, onun redaksiyasının jurnalist kollektivinin, yaxud baş redaktorunun həmin adda kütləvi informasiya vasitəsi təsis etməkdə üstünlük hüququ var.
Kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verildikdə, onun qeydiyyat şəhadətnaməsi və redaksiya nizamnaməsi etibarsız sayılır.
M a d d ə 15. Təsisçinin statusu
Təsisçi kütləvi informasiya vasitəsi redaksiyanın nizamnaməsini təsdiq edir, redaksiya ilə (baş redaktorla) müqavilə bağlayır, kütləvi informasiya vasitəsinin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, onun maliyyə, yayım, avadanlıq və texniki təchizat məsələlərini həll edir.
Təsisçi, bu Qanunda, nizamnamədə və redaksiya ilə (baş redaktorla) bağlanmış müqavilədə göstərilən hallar istisna olmaqla, kütləvi informasiya vasitəsinin fəaliyyətinə müdaxilə etmir.
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri birgə təsisçi kimi fəaliyyət göstərirlər.
M a d d ə 16. Redaksiyanın statusu
Redaksiya öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir.
Redaksiyaya hüquqi şəxs, qanunun yol verdiyi formada təşkil olunmuş təsərrüfatçılıq edən subyekt ola bilər.
Kütləvi informasiya vasitəsinin redaksiyası eyni zamanda onun təsisçisi, naşiri, yayıcısı, redaksiya əmlakının mülkiyyətçisi ola bilər.
Redaksiyaya öz səlahiyyətlərini bu Qanun, redaksiya nizamnaməsi, təsisçi ilə redaksiya (baş redaktor) arasında bağlanmış müqavilə əsasında həyata keçirən baş redaktor rəhbərlik edir. Baş redaktor (redaktor) redaksiyanı təsisçi ilə, naşirlə, yayıcı ilə, vətəndaşlarla, vətəndaşların birlikləri ilə, idarə, müəssisə və təşkilatlarla, dövlət orqanları ilə münasibətlərdə, həmçinin məhkəmədə təmsil edir. O, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə kütləvi informasiya vasitələri qarşısında qoyulmuş tələblərin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
Maddə 17. Redaksiyanın nizamnaməsi
Kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsi jurnalist kollektivinin—redaksiyanın ştatlı əməkdaşlarının azı üçdə ikisinin iştirak etdiyi ümumi yığıncaqda qəbul olunur və təsisçi tərəfindən təsdiq edilir.
Redaksiya nizamnaməsində aşağıda göstərilənlər müəyyən edilir:
1) təsisçinin, redaksiyanın, baş redaktorun qarşılıqlı hüquq və vəzifələri;
2) jurnalist kollektivinin—redaksiyanın ştatlı əməkdaşlarının səlahiyyətləri;
3) baş redaktorun, redaksiya heyətinin təyin olunması (seçilməsi) qaydası;
4) kütləvi informasiya vasitəsinin fəaliyyətinin dayandırılmasının və ya ona xitam verilməsinin əsasları və qaydası;
5) təsisçinin dəyişməsi, həmtəsisçilərin tərkibinin dəyişdirilməsi, kütləvi informasiya fəaliyyətinin dayandırılması, redaksiyanın ləğvi və ya yenidən təşkili, onun təşkilati-hüquqi formasının dəyişdirilməsi ilə əlaqədar kütləvi informasiya vasitəsinə ad vermək hüququnun kimə verilməsi və (yaxud) kimdə saxlanması, digər hüquqi nəticələri;
6) redaksiya nizamnaməsinin təsdiqi və dəyişdirilməsi qaydası, habelə bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş müddəalar.
Redaksiya nizamnaməsi təsdiq olunana qədər, həmçinin redaksiyanın jurnalist kollektivi on nəfərdən azdırsa, bu maddənin ikinci hissəsinin 1—5-ci bəndlərində sadalanan məsələlər də daxil ol-maqla, redaksiyanın təsisçi ilə münasibətləri nizamnaməni əvəz edən təsisçi ilə redaksiya (baş redaktor) arasındakı müqavilə ilə müəyyənləşdirilir.
M a d d ə 18. Naşirin statusu
Naşir öz hüquqlarını Azərbaycan Respublikasının bu Qanunu, habelə nəşriyyat işi, müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi əsasında həyata keçirir və vəzifələr daşıyır.
Naşir eyni zamanda kütləvi informasiya vasitəsinin təsisçisi, redaksiyası, yayıcısı, redaksiya əmlakının mülkiyyətçisi ola bilər.
Maddə 19. Müqavilələr
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri arasında bağlanmış müqavilədə onların qarşılıqlı hüquqları, vəzifələri, məsuliyyəti, həmtəsisçilərin tərkibinin dəyişdirilməsi qaydası, şərtləri və hüquqi nəticələri, aralarında olan münasibətlərin həlli qaydaları müəyyən edilir.
Təsisçi və redaksiya (baş redaktor) arasında bağlanan müqavilə ilə onların istehsal, əmlak və maliyyə münasibətləri: redaksiyanın saxlanması üçün vəsaitin ayrılması və istifadəsi, mənfəətin bölünməsi, fondlar yaradılması, itkilərin ödənilməsi qaydası, redaksiya əməkdaşlarının həyatı və əməyi üçün lazımi istehsal və sosial-məişət şəraiti yaradılması sahəsində təsisçinin öhdəlikləri müəyyən edilir.
Redaksiya və naşir arasındakı müqavilə ilə onların istehsal, əmlak və maliyyə münasibətləri, nəşriyyat hüquqlarının qarşılıqlı bölgüsü, kütləvi informasiya vasitəsi məhsulu istehsalının maddi-texniki təminatı üzrə naşirin öhdəlikləri və tərəflərin məsuliyyəti müəyyən edilir.
Təsisçi, redaksiya (baş redaktor) və naşir öz aralarında, habelə yayıcı ilə digər müqavilələr də bağlaya bilərlər.

III fəsil

KÜTLƏVİ İNFORMASİYANIN YAYILMASI

M a d d ə 20. Yayılma qaydası
Kütləvi informasiya vasitəsinin məhsulları bilavasitə naşir tərəfindən, yaxud müqavilə əsasında və ya digər qanuni əsaslarla rabitə müəssisələri, redaksiya və başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayılır.
Kütləvi informasiya vasitəsi məhsulunun yayılması, bundan ötrü haqq alınırsa, kommersiya sayılır. Qeyri-kommersiya qaydasında yayılmaq üçün nəzərdə tutulmuş məhsulun üzərində “Pulsuz” qeydi olur və belə məhsul kommersiya yolu ilə yayılma predmeti hesab edilmir.
Proqramların videoyazılarının yaşayış binalarında nümayişi eləcə də onların tək-tək surətlərinin çıxarılması, belə hallarda birbaşa və ya dolayısı ilə haqq alınırsa, bu Qanunun tələbləri mənasında kütləvi informasiya vasitəsi məhsulunun yayılması sayılmır.
Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun (o cümlədən onun tirajını, yaxud tirajının bir hissəsini müsadirə etmək yolu ilə) yayılmasına mane olmağa yol verilmir.
Maddə 21. Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə
Kütləvi informasiya vasitəsi məhsulunun hər bir ayrıca buraxılışı yalnız baş redaktorun çapa (efirə, ekrana) buraxılış üçün icazəsindən sonra yayılır.
İstinad məlumatının göstərilmədiyi kütləvi informasiya vasitələri məhsullarının yayılması qadağan edilir.
M a d d ə 22. İstinad məlumatı
Dövri mətbu nəşrin hər buraxılışında bu məlumat olmalıdır:
1) nəşrin adı;
2) təsisçi (həmtəsisçiləri);
3) baş redaktorun soyadı və adı;
4) dövri nəşrin sıra sayı və çapdan çıxdığı tarix, qəzetlər üçün isə həm də çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktik vaxt);
5) rabitə idarələri vasitəsilə yayılan nəşrlərin indeksi;
6) tiraj;
7) qiymət (nəşr kommersiya qaydasında yayılırsa), yaxud “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;
8) redaksiyanın, naşirin, mətbəənin ünvanları. Radio-teleproqramlar redaksiyası hər dəfə efirə çıxanda, verilişlər fasiləsiz olduqda isə redaksiya gündə azı dörd dəfə proqramın adını elan etməlidir.
Audio-video və ya kinoxronika proqramının hər surətində aşağıda göstərilən məlumat olmalıdır:
1) proqramın adı;
2) buraxılışın çapa (efirə, ekrana) verilməsi tarixi və sayı;
3) baş redaktorun soyadı və adı;
4) tiraj;
5) redaksiya və onun ünvanı;
6) qiymət yaxud “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri.
İnformasiya agentliyinin xəbər və materialları onun adı ilə müşayiət olunur.
Kütləvi” informasiya vasitəsi qeydiyyatdan azad edilməmişdirsə, istinad məlumatında qeydiyyatçı orqan və qeydiyyat nömrəsi də göstərilir.
M a d d ə 23. Mütləq nüsxələr
Dövri mətbu nəşrlərin, o cümlədən bu Qanunun 25-ci maddəsinə görə qeydiyyatdan azad olan nəşrlərin mütləq pulsuz nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi, redaksiya tərəfəndən təsisçiyə, qeydiyyatçı orqana, Azərbaycan Respublikasının Kitab Palatasına, M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasına, Azərbaycan Respublikası Ali Sovetinin kitabxanasına, Azərbaycan Respublikası Prezidentinin kitabxanasına, respublika Nazirlər Kabinetinin kitabxanasına göndərilir.
M a d d ə 24. Digər kütləvi informasiya vasitələri məhsullarının yayılması
Bu Qanunla dövri nəşrlər üçün müəyyən olunmuş qaydalar kompüterlər vasitəsilə yaradılmış və (yaxud) onların məlumat banklarında və bazalarında saxlanılan yüz nüsxədən artıq mətnlərin dövri Yayılmasına, eləcə də məhsulu mətbu xəbərlər, materiallar, təsvirlər şəklində yayılan digər kütləvi informasiya vasitələrinə tətbiq edilir.
Bu Qanunla radio-teleproqramlar üçün müəyyən edilmiş qaydalar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər qaydalar müəyyən edilməmişdirsə, kütləvi informasiyanın telemətn, videomətn və digər telekommunikasiya şəbəkə sistemi vasitəsilə dövri yayılmasına tətbiq edilir.
Maddə 25. Qeydə alınmadan yayılan kütləvi informasiya vasitələri
Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının yalnız özlərinin rəsmi xəbər və materiallarının, normativ və digər aktlarının dərc olunması üçün təsis etdikləri kütləvi informasiya vasitələrinin;
müəssisələrin, təşkilatların və idarələrin, həmçinin elm və tədris müəssisələrinin özlərinin fəaliyyətində gərəkli olan peşəyönümlü informasiya materiallarının və sənədlərinin;
bir dövlət müəssisəsinin, tədris, yaxud sənaye idarəsinin məhdud binası və ərazisi ilə kabel şəbəkəsi üzrə yayılan radio və teleproqramın;
tirajı on nüsxədən çox olmadan yayılan audio və video proqramların yazılarının
qeydə alınması tələb olunmur.
Maddə 26. Rəsmi məlumat
Təsisçiləri dövlət orqanları olan kütləvi informasiya vasitələrinin redaksiyaları həmin orqanların rəsmi məlumatını redaksiya nizamnaməsi və ya onu əvəz edən müqavilə ilə tənzimlənən qaydada dərc edirlər.
Redaksiya onun fəaliyyətinə aid həmin kütləvi informasiya vasitəsini qeydə almış orqandan gəlmiş məlumatı, məhkəmənin qanuni qüvvəyə minmiş və müvafiq kütləvi informasiya vasitəsində dərc edilməsi barədə göstəriş olan qərarını pulsuz və müəyyən olunmuş müddətdə dərc edir.
M a d d ə 27. Reklamın yayılması
Reklam xarakterli məlumat və materiallar üzrə ixtisaslaşan kimi qeyd olunmamış kütləvi informasiya vasitələrində reklam materialı:
dövri mətbu nəşrin ayrıca sayı həcminin 40 faizindən;
radio və televiziya verilişləri həcminin 25 faizindən artıq olmamalıdır.
Reklam informasiya, redaksiya və ya müəllif materialı kimi dərc olunursa, yaxud verilirsə, ondan ötrü haqq alınmır.
M. a d d ə 28. Redaksiya materiallarının saxlanması
Kütləvi informasiya vasitələri redaksiyalarının materialları (əlyazmaları, məktublar, lent yazıları və s.) həmin redaksiyaların əsasnamə və ya təlimatları ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılır.
Verilişlərin materialları efirə çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il saxlanılır.
Radio-televiziya verilişlərinin redaksiyası efirə çıxmış verilişləri, onların tarixini, vaxtını, mövzusunu, müəllifini, aparıcısını və iştirakçısını göstərməklə, qeydiyyat jurnalında əks etdirir.

IV f ə s i l

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN VƏTƏNDAŞLARLA VƏ TƏŞKİLATLARLA MÜNASİBƏTLƏRİ

M a d d ə 29. İnformasiya almaq hüququ
Vətəndaşlar kütləvi informasiya vasitəsindən dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin fəaliyyəti haqqın-da operativ surətdə mötəbər məlumat almaq hüququna malikdirlər.
Kütləvi informasiya vasitələrinin dövlət təşkilatlarından, ictimai birliklərdən və vəzifəli şəxslərdən belə informasiya almaq hüququ var.
Kütləvi informasiya vasitəsinin nümayəndəsi onun istədiyi məlumatı verməkdən imtina edən dövlət orqanlarından və ya vəzifəli şəxslərdən yuxarı orqana və ya vəzifəli şəxsə, bundan sonra isə məhkəməyə şikayət edə bilər.
Dövlət orqanlarının və ictimai birliklərin vəzifəli şəxsləri yalnız o halda informasiya verməkdən imtina) edə bilərlər ki, həmin informasiya bu Qanunun 34-cü maddəsinə əsasən dərc edilməli deyildir.
M a d d ə 30. Müəllif materiallarından və məktublarından istifadə edilməsi
Jurnalistika, ədəbiyyat, incəsənət əsərlərindən və elmi əsərlərdən kütləvi informasiya vasitələrinin istifadə etməsinə müəlliflik hüququnu közləməklə yol verilir.
Qanunda başqa şərt nəzərdə tutulmamışdırsa, kütləvi informasiya vasitəsinin redaksiyası imtina etdiyi materialı dərc etməyə məcbur oluna bilməz.
Oxucu məktubları dərc edilərkən onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir.
M a d d ə 31. Təkzib etmək və cavab vermək hüququ
Vətəndaşın və ya təşkilatın ixtiyarı var ki, kütləvi informasiya vasitəsi redaksiyasından həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını tələb etsin.
Vətəndaş və ya təşkilat barəsində kütləvi informasiya vasitə-sində onların hüquqlarına və qanuni mənafelərinə toxunan məlumat dərc edildikdə və ya verildikdə, onların elə həmin kütləvi informasiya vasitəsində cavab dərc etdirməyə və ya cavab verməyə haqqı vardır.
M a d d ə 32. Təkzib və cavab vermək qaydası
Təkzib və cavab xüsusi rubrika altında, yaxud təkzib olunan məlumatın verildiyi səhifədə və həmin şriftlə dərc olunur: qəzetlərdə tələbin alındığı gündən bir aydan gec olmayaraq, digər dövri nəşrlərdə isə—hazırlanan növbəti buraxılışda.
Təkzib və ya cavab radio və televiziya ilə tələbin alındığı gündən bir aydan gec olmayaraq eyni proqramda; yaxud verilişlər silsiləsində və eyni vaxtda oxunur. Cavabla çıxış etmək hüququ həmçinin bu tələbi etmiş vətəndaşa və ya təşkilatın nümayəndəsinə verilə bilər.
Redaksiya verilmiş cavabları, mənasını təhrif etmədən, lazımi redaktə və ixtisarla dərc və ya elan etməyə borcludur.
Təkzibin və cavabın rədd edilməsindən, yaxud onların bu Qanunla müəyyən edilmiş qaydasının pozulmasından Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə uyğun şikayət verilə bilər.
M a d d ə 33. Təkzibin və ya cavabın dərc edilməsi, yaxud oxunması haqqında ərizəyə məhkəmə tərəfindən baxılması
Təkzibin və ya cavabın dərc edilməsindən, yaxud oxunmasından imtina edildikdə, yaxud dərc və ya oxunmaq üçün müəyyən olunmuş bir aylıq müddət kütləvi informasiya vasitəsi tərəfindən pozulduqda, vətəndaşın və ya təşkilatın ixtiyarı var ki, həqiqətə uyğun gəlməyən məlumatın dərc olunduğu gündən altı ay keçənədək məhkəməyə müraciət etsin.
M a d d ə 34. İnformasiyanın elan edilməməsinin xüsusi halları
Kütləvi informasiya vasitəsinin redaksiyası və ya jurnalist:
1) vətəndaşın gizli saxlanmaq şərtilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamır;
2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini, məhkəmə icraatında olan işlə əlaqədar tələb edilən hallar istisna olmaqla, göstərmir;
3) prokurorun, müstəntiqin və ya təhqiqat aparan şəxsin yazılı icazəsi olmadan ibtidai istintaq məlumatının məğzini açıqlamır;
4) yetkinlik yaşına çatmamış cinayətkarın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan onun şəxsiyyətini göstərə biləcək hər hansı məlumatı yaymır.

V f ə s i l

JURNALİSTİN HÜQUQ və VƏZİFƏLƏRİ
M a d d ə 35. Jurnalistin hüquqları
Jurnalistin aşağıda göstərilən hüquqları var:
1) informasiya axtarmaq, toplamaq, seçmək və yaymaq;
2) öz peşə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar vəzifəli şəxs tərəfindən qəbul edilmək;
3) qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı söhbəti hər vasitə ilə, o cümlədən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etməklə qeydə almaq;
4) əqidəsinə zidd olan məlumat və materialları öz imzası ilə hazırlamaqdan və dərc etdirməkdən imtina etmək;
5) redaktə zamanı, onun fikrincə, məzmunu təhrif olunmuş məlumat və materiallardan öz imzasını çıxarmaq;
6) müəlliflik sirrinin saxlanması üçün şərtlər qoymaq;
7) jurnalist vəsiqəsini təqdim etməklə təbii fəlakət ərazilərində, mitinqlərdə və nümayişlərdə olmaq;
8) alınmış məlumat və materialların doğru-dürüstlüyünü yoxlayarkən təşkilatlara, idarələrə və müəssisələrə, mütəxəssislərə müraciət etmək;
9) şəhər, rayondaxili ictimai nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə etmək.
Jurnalistin hüquqları Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da müəyyən edilə bilər.
Dövlət jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə və onun sosial müdafiəsinə təminat verir, şərəf və ləyaqətinin, səhhət və həyatının, əmlakının qorunmasını təmin edir.
Kütləvi informasiya vasitələrinin redaksiyalarında çalışan jurnalistlərə və digər işçilərə dövlət idarələrinin, ictimai idarə, müəssisə və təşkilatların fəhlə və qulluqçuları barədə olan əmək qanunvericiliyi, sosial sığorta və təminat qaydası tətbiq olunur.
M a d d ə 36. Jurnalistin vəzifələri
Jurnalistin aşağıda göstərilən vəzifələri var:
1) əmək münasibətlərində olduğu kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsinə riayət etmək, onun fəaliyyət proqramını həyata keçirmək;
2) ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq;
3) informasiya ilk dəfə elan edilirsə, onu vermiş şəxslərin kimliyini göstərib-göstərməmək barədə onların xahişlərini yerinə yetirmək;
4) hazırladığı xəbər və materialların yayılması ilə əlaqədar irəli sürülə biləcək iradlar və qanunla nəzərdə tutulmuş digər tələblər barədə baş redaktora məlumat vermək;
5) baş redaktorun və ya redaksiyanın verdiyi tapşırıq qanunun pozulması ilə əlaqədar olduqda, belə tapşırıqdan imtina etmək;
6) vətəndaşların və təşkilatların şərəf və ləyaqətinə, hüquqlarına və qanuni mənafelərinə hörmət etmək;
7) peşə fəaliyyətini həyata keçirərkən təşkilatlarda, müəssisələrdə və rəsmi tədbirlərdə tələb olunduqda, redaksiya vəsiqəsini və ya şəxsiyyətini və jurnalist səlahiyyətini təsdiq edən digər sənədi göstərmək;
8) vətəndaşlardan, vəzifəli şəxslərdən, müəssisələrdən, təşkilatlardan və idarələrdən məlumat alarkən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etmək barədə onların razılığını almaq;
9) öz məlumatlarında konkret iş üzrə məhkəmə baxışının nəticələrini qabaqcadan müəyyən etməyə, yaxud qətnamə və ya hökm qanuni qüvvəyə minənədək məhkəməyə başqa tərzdə təzyiq göstərməmək;
10) jurnalist hüquqlarından şəxsi mənafe üçün istifadə etməmək;
11) məlumat və materiallar toplayarkən, verərkən peşə etikasına ciddi əməl etmək.
Jurnalistin vəzifələri Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə də müəyyən edilə bilər.
M a d d ə 37. Jurnalistin akkreditəsi (qeydə alınması)
Kütləvi informasiya vasitələri dövlət orqanlarının və ictimai birliklərin razılığı ilə onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər.
Dövlət orqanları, təşkilatlar, idarələr, ictimai birliklərin orqanları təqdim olunmuş jurnalistləri həmin orqanların, təşkilatların, idarələrin müəyyən etdikləri akkreditə qaydalarına redaksiyaların riayət etmələri şərti ilə akkreditə edirlər.
Həmin orqanlar akkreditə olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verir, onu stenoqramlarla, protokollarla və baş-qa sənədlərlə təmin edirlər.
Jurnalist və ya redaksiya tərəfindən akkreditə qaydaları pozulmuşdursa, yaxud jurnalisti akkreditə etmiş təşkilatın şərəf və ləyaqətinə ləkə gətirən, həqiqətə uyğun olmayan məlumat yayılmışdırsa və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdursa, o, akkreditədən məhrum edilə bilər.
Kütləvi informasiya vasitələri redaksiyalarının xüsusi müxbirlərinin akkreditəsi bu maddənin tələblərinə müvafiq olaraq həyata keçirilir.

VI f ə s i l

KÜTLƏVİ İNFORMASİYA SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

M a d d ə 38. Beynəlxalq müqavilələr və sazişlər
Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrdə bu Qanundakından fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.
Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri, peşəkar jurnalist təşkilatları, digər yaradıcılıq birlikləri beynəlxalq əməkdaşlıqda iştirak edirlər və bu məqsədlə onlar xarici vətəndaşlarla və təşkilatlarla sazişlər bağlaya bilərlər.
M a d d ə 39. Xarici mənbələrdən informasiyanın yayılması
Azərbaycan Respublikası vətəndaşlarının xarici mənbələrdən, o cümlədən kütləvi informasiya vasitələrindən birbaşa informasiya əldə etmək hüququ var.
Xarici dövri mətbu nəşrin, yəni Azərbaycan Respublikasında qeydə alınmamış və təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan, eləcə də xarici dövlətlər, hüquqi şəxslər və ya vətəndaşlar tərəfindən maliyyələşdirilən nəşrin yayılma qaydası Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilədə müəyyən edilməmişdirsə, onun yayılması üçün Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin icazəsi tələb olunur.
Bilavasitə televiziya verilişləri proqramlarının qəbul olunmasının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində nəzərdə tutulan hallarda yol verilir.
M a d d ə 40. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin, xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik və başqa nümayəndəliklərinin informasiya fəaliyyəti
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin başqa nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti, habelə xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik, konsul və başqa rəsmi nümayəndəliklərinin informasiya fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq beynəlxalq müqavilələri ilə tənzim edilir.
Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin icazəsi ilə yaradılır.
Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bu Qanunun 37-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərə jurnalistin bu Qanunla müəyyən edilmiş peşə statusu şamil edilir.

VII f ə s i l

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

M a d d ə 41. Məsuliyyətin əsasları
Bu Qanunun 3-cü, 4-cü, 34-cü və 36-cı maddələrinin tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətlə nəticələnir.
Kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin pozulmasına görə dövlət orqanlarının və ictimai orqanların bunda. təqsiri olan vəzifəli şəxsləri, habelə kütləvi informasiya vasitəsinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri məsuliyyət daşıyırlar.
Kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin pozulması halları Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə də məsuliyyət üçün əsas ola bilər.
Maddə 42. İnformasiyanın qanunsuz hazırlanmasına və yayılmasına görə məsuliyyət
Bu Qanuna uyğun surətdə qeydə alınmamış, yaxud fəaliyyətinə xitam verilmiş kütləvi informasiya vasitəsinin məhsullarının hazırlanması və yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyəti və ya inzibati: məsuliyyət müəyyənləşdirilir.
Maddə 43. Həqiqətə uyğun olmayan məlumatın yayılmasına görə məsuliyyətdən azadedilmə halları
Bu və ya digər kütləvi informasiya vasitəsində yayılmış, həqiqətə uyğun olmayan məlumat:
1) rəsmi xəbərlərdə olmuşdursa;
2) informasiya agentliklərindən və ya dövlət orqanlarının, ictimai orqanların mətbuat bölmələrindən alınmışdırsa;
3) sovetlərin sessiyalarında deputatların, ictimai birliklərin qurultaylarında, konfranslarında, plenumlarında nümayəndələrin çıxışlarında, habelə dövlət orqanlarının və ictimai orqanların vəzifəli şəxslərinin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
4) qabaqcadan lentə yazılmadan efirə gedən müəllif çıxışlarında, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə yayılmışdırsa;
baş redaktor (redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.
Maddə 44. Kütləvi informasiya vasitəsinin vurduğu mənəvi zərərin ödənilməsi
Böhtan, həqiqətə uyğun gəlməyən, şərəf və ləyaqətə toxunan xəbər və materialların kütləvi informasiya vasitəsi tərəfindən yayılması nəticəsində fiziki və ya hüquqi şəxsə dəymiş mənəvi zərərin əvəzi bilavasitə kütləvi informasiya vasitəsi, habelə təqsirkar hesab edilən vəzifəli şəxslər və vətəndaşlar tərəfindən qanunla müəyyən edilmiş qaydada cərimə ilə ödənilir.
Zərərin əvəzinin ödənilməsinin forma və ya nəticələri bilavasitə səbəbkar olmuş həmin kütləvi informasiya vasitəsində elan edilir.
Kütləvi informasiya vasitəsinin vurduğu maddi zərərin ödənilməsi mülki qanunvericilikdə müəyyən edilmiş qaydada tələb edilə bilər.

Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 21 iyul 1992-ci il.
№ 231.