Kiyev və Qərb ölkələri Rusiya tərəfi ilə mümkün danışıqlar prosesində hazırda Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərini güzəştə getməməlidir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ZDF telekanalına müsahibəsində bildirib.
Kissincer əlavə edib ki, mümkün danışıqlarda Ukrayna rəhbərliyi və xalqı mütləq iştirak etməlidir. Amerikalı siyasətçi bu yanaşmanı “vəziyyəti idarə etmək üçün yeganə əsas” adlandırıb.
“Ukrayna ərazilərinin təslim olması bizim qəbul edə biləcəyimiz şərt ola bilməz. Fakt budur ki, Rusiya hərbi əməliyyatlar başlayandan bəri ələ keçirdiyi bütün əraziləri qaytarmalı olacaq”, – keçmiş dövlət katibi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Kissincerin Rusiyaya ərazi güzəşti təklifi müzakirələrə səbəb olmuş, sabiq dövlət katibi isə fikirlərinin yanlış anlaşıldığını bildirmişdi.