Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Kişinyov şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, pandemiya ilə əlaqədar qaydalara əməl edilməsi şəraitində təşkil edilən tədbir paytaxtın “TİME” otelinin konfrans-zalında gerçəkləşdirilib.
Tədbirdə Moldova XİN-in, Türkiyə, Bolqarıstan, Macarıstan, Rusiya Federasiyası, Belarus, Ukrayna səfirliklərinin təmsilçiləri, Moldova parlamentinin deputatları, Ukrayna, yəhudi və digər icmaların nümayəndələri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Giriş sözü ilə tədbiri aşan MAK sədri Elçin Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birlışmələrinin Xocalının dinc sakinlərinə qarşı törətdiyi soyqırım aktı barədə ətraflı məlumat verib. “Heç kimə aman verməyiblər! Dinc sakinlərin əksəriyyəti yaxın məsafədən qətlə yetiriliblər, xilas olmaq istəyərkən güllləniblər. Ermənilərin Xocalıdakı vəhşiliyi müharibə qanunlarına ziddir”, – deyə konqres sədri vurğulayıb.
Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Türkiyənin Moldovadakı səfiri Özlim Okuyudz, millət vəkilləri Dmitri Dyakov, Vladimir Ostalko, Nikita Tsurkan, MAK sədrinin müavini Ramiz Ənsərov, Effektiv siyasət institutunun direktoru, tarixçi alim Vitali Andriyevski, azərbaycanlı icmanın üzvləri Maarif Rəhimov və Yasin Seyidov çıxış ediblər.
“Xocalı qətliamının qurbanlarına görə azərbaycanlıların acısı indiyədək keçməyib. 26 fevral – Azərbaycanda anım günüdür. Moldovadakı Azərbaycan diasporu da tarixi Vətəni ilə birlikdə kədərlənir. Və bu elə ağrıdır ki, həmişəlik xalqımızla birlikdə qalacaq”, – deyə, MAK sədrinin müavini Ramiz Ənsərov bildirib.
Səfir Qüdsi Osmanov qeyd edib ki, 29 il əvvəl Azərbaycan və dünya ictimaiyyəti misli görünməmiş faciədən sarsılmışdılar: “Ermənistanın silahlı cinayətkar birləşmələri Xocalının dinc sakinlərinı qəddarcasına divan tutdular. Bu dəhşətli əməliyyatın qurbanlarının sayı yüzlərlə, sındırılmış talelər minlərlə ölçülür”.
Tədbir Xocalı qurbanlarının ruhuna duaların oxunması və Xocalı soyqırımına həsr edilmiş guşənin önünə güllərin düzülməsi ilə yekunlaşıb.