Bakıda kirayə mənzil tapmaq çətinləşib. Tək yaşayan kişilər, tələbə oğlanlar üçün ev tapmaq ikiqat çətindir. Onlara verilən evlərin qiymətinin isə yüksək olduğunu bildirilir.
Səbəb nədir? Ev sahibləri niyə kişilərə ev vermək istəmirlər?
AzerTimes xəbər verir ki, əmlakçı Mülkədar Rüstəmov Teleqraf.com-a açıqlamasında səbəbləri izah edib.
O, bu prosesin son 3-4 ildə müşahidə edildiyini deyir:
“Adətən ev sahibləri tək yaşamaq istəyən bəy və xanımlara kirayə ev verməkdə maraqlı deyillər. Mövzunun kökü ev sahiblərinin şəxsi fikirlərinə gəlib çıxır. Əslində onlar haqlı deyillər. Ev sahibləri ailəyə, tələbə xanımlara üstünlük verirlər. Tək yaşayan xanım və bəylər ev sahibləri üçün riskli qrupa daxildirlər. Buna səbəb kimi müxtəlif şəxslərin evə gəlməsini göstərirlər. Həm də onlar davamlı qalmırlar, tez-tez ev dəyişdirirlər. Ona görə ev sahiblərinə maraqlı deyillər. Burada qonşu faktoru da var. Ona görə ev sahibləri çalışırlar ki, tələbə xanımlara və ailəli insanlara üstünlük versinlər. Bəzi fərdi ev sahibləri həyət evlərində ayrı-ayrı birotaqlı evlər tikirlər. Günəmuzd işləyən insanlar üçün şərait yaradırlar. Son bir-iki ildə Bakı şəhərində kütləvi söküntülər həyata keçirilir. Baş Plana uyğun 5 mərtəbəli, fransız layihəli binalar söküldüyünə görə şirkətlər plana düşən binaların sakinlərini kompensasiya olaraq, bir- iki illik kirayəyə köçürürlər. Onların kirayə pullarını da verirlər”.
Mülkədar Rüstəmov qeyd edib ki, həmin ailələr evlə təmin olunduğu üçün Bakı şəhərində kirayə ev tapmaqda çətinlik yaranıb:
“Əvvəllər yay aylarında, dərs ilin başlamasına yaxın tələbələr ev axtarırdılar. İndi tətildən əvvəl kirayə axtarışına başlayırlar. Görünən reallıq isə odur ki, kirayə mənzil tələbatı çoxalıb”.
Rieltor süni qiymət artımına da diqqət çəkib:
“Tələbat çox olduğu üçün bu hələ bir neçə ilə belə davam edəcək. Dövlətin balansında olan yataqxanalar var idi ki, onlar təmir olundu. Bir çoxlarında məcburi köçkünlər yaşayır. Hələ ki onların köç prosesi tam yekunlaşmadığından o yataqxanaların da gələcəyi sual altındadır. Demək olar ki, hər ay qiymət artımı olur. Əvvəllər şəhərə yaxın bir otaqlıların kirayə qiyməti 250-300 manatdan başlayırdısa, indi 400-500 manat arası dəyişir. Tələbat çoxdur. Ev sahiblərinin şəxsi maraqları da önə çəkilir. Çünki axtaran çoxdur, qiyməti süni şəkildə qaldırırlar. Süni qiymət artımı öz rolunu oynayır. Görünən odur ki, bu böhran hələ bir neçə il davam edəcək”.