Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “kirayə ev” adı altında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Röyal Hüseynov məsuliyyətə cəlb olunub.
Saxlanılan şəxs ifadəsində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə onlayn yolla ilkin ödəniş aldıqdan sonra istifadə etdiyi mobil nömrəni qırıb atdığını bildirib.
Araşdırma zamanı müəyyən edilib ki, R.Hüseynov guya kirayə müqaviləsi bağlamaq adı altında zərərçəkmişlərdən şəxsiyyət vəsiqələrinin fotoşəklini tələb edib və iz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələri ilə özünə yeni mobil nömrələr alaraq dələduzluq əməllərini başqa şəxslərə qarşı da davam etdirib.
Faktla bağlı araşdırma aparılır.
“Röyal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Vətəndaşlara tövsiyə olunur ki, kirayə və yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”, – qurumdan bildirilib.