Kiprdə “delta” və “omikron” ştammlarının hibridi aşkar edilib

Kiprdə “Delta” və “Omikron” ştammlarının hibridi olan koronavirusun yeni variantı Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim tərəfindən aşkar edilib.

Trend xəbər verir ki, laboratoriyanın rəhbəri Leontios Kostrikis jurnalistlərə bildirib ki, tədqiqatçılar ona “deltakron” adını veriblər.

Onun sözlərinə görə, yeni variantın da delta ştammı kimi genetik əsası var, lakin eyni zamanda onun bir sıra mutasiyaları omikron ştammı ilə eynidir.

“Biz əvvəllər yalnız omikron ştammı ilə yoluxma halları zamanı aşkar edilmiş xeyli sayda mutasiya tapmışıq”, – virusoloq bildirib. O, əlavə edib ki, “Omikron” ştammında 30 mutasiya var və onlardan 10-u Kiprdə götürülmüş nümunələrdə müəyyən edilib.