Kinoteatrlarda filmlər niyə ana dilində səsləndirilmir? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Ölkəmizdə kinoteatrlara maraq artıb. Lakin boş zamanlarını
səmərəli keçirmək üçün bu yerlərə üz tutan izləyicilər bəzən
problemlərlə üzləşir. Belə ki, bəzi xarici filmlərin azərbaycanca
səsli dublyajının olmaması, ana dilində altyazılarla verilən
fimlərdə isə qrammatik səhvlərin olması tamaşaçıda narazılığa səbəb
olur.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mədəniyyət
Nazirliyindən bildiriblər ki, bu filmlərin Azərbaycan dilinə səsli
və ya subtitr vasitəsi ilə​ dublyaj olunması​ məsələsi mövcud​
qanunvericiliyə əsasən​ şirkətlərin səlahiyyətinə daxildir.

Qeyd edilib ki, “Kinematoqrafiya haqqında” Azərbaycan
Respublikasının Qanununa​ və Nazirlər Kabineti tərəfindən təsdiq
olunmuş​ “Filmlərin yayımı və nümayişi Qaydaları”na əsasən​
Azərbaycan Respiblikasının ərazisində bütün növ​ filmlər​ yayımına
və kütləvi nümayişinə icazə verilməsi üçün​ Mədəniyyət Nazirliyi
tərəfindən​ Filmlərin Dövlət Reyetsrində qeydiyyata alınır və Yayım
vəsiqəsi ilə təmin edilir:


“Yayım vəsiqəsi olmadan nümayiş olunan filmlər​ “İnzibati
Xətalar Məcəlləsi”nə əsasən müvafiq qaydada cərimə olunur.​ Xarici
filmlərin Dövlət Reyestrinə daxil edilməsi üçün tələblərdən biri
həmin filmin​ Azərbaycan dilinə dublyaj​ olunmasıdır. Dünya
təcrübəsindən də gördüyümüz kimi, kinoteatrlarda xarici filmlər
əsasən​ orijinal dilində, ancaq nümayiş olunduğu​ ölkənin dilinə​
subtitr vasitəsi​ ilə dublyaj olunaraq​ yayımlanır. Bu, dünyada​
xarici filmlərin nümayişi sahəsində​ peşəkar norma olaraq qəbul
edilir.

Digər tərəfdən,​ Azərbaycana gətirilən əcnəbi filmlərin nümayiş
hüquqları ölkədə fəaliyyət göstərən distribütor şirkətləri
tərəfindən əldə olunur. Bu filmlərin Azərbaycan dilinə səsli və ya
subtitr vasitəsi ilə​ dublyaj olunması​ məsələsi mövcud​
qanunvericiliyə əsasən​ şirkətlərin səlahiyyətinə daxildir. Daha
çox​ kommersiya ilə bağlı olan bu məsələdə şirkətlərə məcburiyyət
tətbiq olunmur”, – deyə əlavə edilib.

Teqlər: