Xəbər - Humay Ağacanova – Trend:
Kino Agentliyinin yaradılması ilə bağlı görülən işlərin böyük bir hissəsi arxada qoyulub.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, istənilən struktur dəyişikliyi zaman tələb edən prosesdir. Kino Agentliyinin yaradılması da ölkədə bu sahədə ciddi dəyişikliklərə səbəb olacaq.
“Ona görə də layihənin bütün detalları hərtərəfli öyrənilir, yoxlanılır, müxtəlif aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır. Artıq uzun bir prosesin böyük bir hissəsini arxada qoymuşuq. Proses sona çatdıqdan, yəni Agentlik yaradıldıqdan sonra qurumun fəaliyyəti və strukturu ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə qeyd olunub.
Qeyd edək ki, bir müddət əvvəl mədəniyyət naziri Anar Kərimov mətbuata açıqlamasında bildirmişdi ki, yaradılacaq Azərbaycan Respublikası Kino Agentliyinin(ARKA) əsas məqsədi bu sahəyə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.