Uşaq evində böyüyən şəhidimiz Əmrah Rəcəbovun (Rajapov) anası tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Feysbuk hesabında paylaşım edib.
Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. Əmrah Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Atası və anası Əmrah kiçik olanda öldüyü deyilsə də, sən demə, hər ikisi sağ imiş.
E.İslamoğlunun sözlərinə görə, Əmrah şəhid olduqdan sonra 5 ay morqda qalıb:
“Yaxın qohumları, ailəsi tapılmadı ki, DNT testi ilə nəşi tanınsın, dəfn edilsin. Elə kimsəsiz kimi də dəfn edildi”.
O bildirib ki, iki gün əvvəl bir şəhid yaxını zəng edib, Əmrahın anasının sağ olduğunu və onunla danışmaq istədiyini bildirib.
“Gövhərcan Yaraş qızı Rəcəbova (Rajapova) Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndiribmiş. Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılırlar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edib, Türkiyəyə işləməyə gedir. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilir. Orada böyüyür. Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı Tiktokdan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir”, – paylaşımda qeyd edilib.