Kimlərə təhsil eksperti statusu veriləcək?

Xəbər - Çingiz Səfərli – Trend:

Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq gələcəkdə təhsil eksperti adının verilməsi nəzərdə tutula bilər.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, bu istiqamətdə araşdırmalar aparılır.

“Jurnalistlər tərəfindən çoxlu müraciətlər olur ki, təhsil eksperti kimdir və Təhsil İnstitutu tərəfindən kiməsə bu status verilibmi?

Bizim də cavabımız odur ki, belə bir adı biz heç kimə verməmişik. Ümumiyyətlə, müəyyən etməmişik ki, təhsil ekspertinin profili nədən ibarətdir. Lakin bu istiqamətdə tədqiqatlarımız davam edir. Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq gələcəkdə təhsil eksperti adının verilməsi də nəzərdə tutula bilər”.

O bildirib ki, bununla təhsil ekspertlərinin qarşısını almaq yox, daha çox bu fəaliyyəti təşviq etmək niyyətindədirlər.

“Bir tələbə universitetdə təhsilini alır və sertifikasiya prosesindən keçərək müəllim statusu alır. Müəyyən bir müddətdən sonra, 3 il, 5 il sonra baş müəllim, metodist və nəhayət ekspert ola bilər. Bu pillələrin hər birində müəyyən müsahibələr, səriştələrin müəyyənləşdirilməsi prosesi təşkil edilə bilər. Hesab edirəm ki, bu, da müəllimlərin peşəkar karyerasında önəmli rol oynayacaq. Tədqiqatlar nəticəsində proseslər dəqiqləşəndən sonra bu sahəyə maraq artacaq. Biz bunun qarşısını almaq yox, təşviq etmiş olacağıq. Bu zaman bilinəcək ki, necə təhsil eksperti olmaq olar. Biz təhsil ekspertlərinin çox olmasının tərəfdarıyıq”.

Teqlər: