Tədqiqatçılar 15 il ərzində 50 yaşlarında olan yarım milyon asiyalının tibbi qeydlərinə baxıblar. Geniş araşdırmalar nəticəsində məlum olub ki, evli insanların bütün səbəblərdən ölüm riski subaylarla müqayisədə 15 faiz, bədbəxt hadisələr, xəsarətlər və ürək xəstəliklərindən ölmə riski isə 20 faiz azdır.
AzerTimes xəbər verir ki, bu məlumatı “JAMA Netvork Open” jurnalı yayıb.
Bildirilib ki, subay insanların insult və anevrizma kimi serebrovaskulyar xəstəliklərdən ölmə ehtimalı evli insanlara nisbətən 12 faiz çoxdur.
Araşdırmanın digər maraqlı detalı isə budur ki, evli insanların xərçəng, diabet və yüksək təzyiq kimi xəstəlikləri olsa belə, daha uzun ömür sürürlər. Evliliyin “qoruma effekti” olduğu, yəni cütlüklərin bir-birini tibbi yardıma və müalicəyə sövq etdiyi üçün evli insanlarda vaxtından əvvəl ölüm riski subaylara nisbətən 15-20 faiz aşağıdır.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, daha yaxşı maliyyə şərtləri və ömrün uzunluğuna töhfə verən sağlam həyat tərzi də evliliklə yaranır.