Kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri

Kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

FHN-dən AzerTimes-a verilən verilən məlumata görə, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Pirallahı rayonunun Pirallahı qəsəbəsində, Astara rayonu, Şahağac kəndi və Siyəzən rayonu Balaca Həmyə kəndində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Teqlər: