Xəbər - Samir Əli – Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin strukturuna aparatla yanaşı 5 region şöbəsi, 36 xilasetmə məntəqəsi, 8 dalğıc axtarış qrupu daxildir.
AzerTimes-ın məlumatına görə, bu barədə Xidmətin rəis müavini, polkovnik Fəxrəddin Məmmədov deyib.
Rəis müavini bildirib ki, xilasetmə dalğıc-axtarış işləri ilə bərabər Xəzərin Azərbaycana aid hissəsində, su hövzələri və çaylarda kiçik həcmli gəmilərin təhlükəsizlik istismarına dövlət nəzarəti həyata keçirilir: “Həmçinin kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, elecə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edilir. Texniki baxış ilkin və illik keçirilir. Kiçik həcmli gəmilərin dövlət qeydiyyatına alınması “Azərbaycan Respublikasında kiçik həcmli gəmilərin dövlət qeydiyyatı” Qaydalarına uyğun tənzimlənir.
Hər gəmi sahibi ona məxsus gəmini həmin gəmini əldə etdiyi tarixdə və ya gəmi respublikaya idxal olunarkən gömrük nəzarətindən çıxan tarixdən 10 gün müddətinə dövlət qeydiyyatına alınması üçün xidmətə müraciət etməlidir. Gəminin qeydiyyata alınmasından əvvəl gəmiyə ilkin texniki baxış keçirilir. Texniki baxış zamanı texniki parametrləri, texniki vəziyyəti, dövrəsində vəziyyətinə baxılır.
İlkin texniki baxış nəticəsində məqbul qiymətə alınmış kiçik həcmli gəmilərə xidmət tərəfindən üzmə şərtləri müəyyən edilir.
Dövlət qeydiyyatına alınmış gəmilərə xidmət tərəfindən 5 il müddətinə gəmi bileti və 1 il müddətinə texniki talon verilir. Hər bir gəmiyə bolt nömrəsi təyin olunur. Gəmi istifadəçisi əvvəlki texniki baxış tarixindən bir il müddət ötmədən illik texniki baxışa təqdim etməlidir”.