Keşlədə Sabir küçəsinin genişləndirilməsi üçün vəsaitin ayrılmasına ehtiyac var – Deputat (FOTO)

Nizami rayonu, Keşlə qəsəbəsinin içərisindən keçən Babək prospekti ilə H.Əliyev prospektini birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurularaq genişləndirilməsi üçün müvafiq maliyyə vəsaitinin ayrılmasına ehtiyac var.

AzerTimes-in məlumatına görə, bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva məlumat verib.

O bildirib ki, Keşlə qəsəbəsinin içərisində H.Əliyev prospekti ilə Babək prospektini əlaqələndirən, M.Ə.Sabir küçəsinin 1-ci Uzununa küçəsi ilə kəsişməsində yeraltı tunel tikilərək istifadəyə verilib:

“Tunel xətti istifadəyə verildikdən sonra H.Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Keşlə qəsəbəsinin içərisindən keçən faktiki bir avtomobillik yolu olan M.Ə.Sabir küçəsi, mövcud nəqliyyat axınının qarşısında tab gətirməyərək daima tıxac yaranmasına səbəb olub.

Məlum olduğu kimi, Keşlə qəsəbəsində yerləşən iri müəssisələrdən Babək prospektinə çıxan yeganə yol M.Ə.Sabir küçəsindən keçir. Nəzərə alsaq ki, Keşlə qəsəbəsi çox qədim tarixə malikdir və M.Ə.Sabir küçəsində tikilən evlərin çox hissəsi 18-20-ci əsrlərdə inşa olunub, o tikililərin arasında olan avtomobil yolunun geniş, müasir standartlara cavab verməsi də mümkün deyil. Həmçinin Keşlə qəsəbəsi sənaye zonasında yerləşməklə, iri tonnajlı avtomobillərin də qeyd olunan küçədən keçməsi qaçılmazdır”, – deyə K.Nurullayeva deyib.


Deputat qeyd edib ki, qəsəbədə fəaliyyət göstərən 15 saylı marşrut xətti də M.Ə.Sabir küçəsindən işləyir: “Gün ərzində yaranan tıxaclar səbəbindən, nəqliyyat vasitələri yollarını dəyişməklə Keşlə qəsəbəsində yerləşən “1941-1945” parkının ətrafından alternativ yol kimi istifadə etmək məcburiyətində qalırlar. Bu isə öz növbəsində yolların kənarında yerləşən evlərin sakinləri üçün əlavə təhlükə yaradır: “Qeyd olunan məsələ ilə əlaqədar tərəfimdən 3 may 2021-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət olunmuşdur. Agentliyin cavabından məlum olur ki, M.Ə.Sabir küçəsinin genişləndirilməsi, tikinti sahəsinə düşəcək yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü ilə bağlı olduğundan və böyük məbləğdə maliyyə vəsaiti tələb olunduğundan problemin həlli növbəti illərin Dövlət İnvestisiya Proqramı layihəsinə daxil ediləcək”, – deyə deputat bildirib.

Qeyd edək ki, Nizami rayonu, Keşlə qəsəbəsi Bakı şəhərinin ən böyük qəsəbələrindən biri olmaqla rəsmi qeydiyyatda 26 min, qeydiyyatsız isə 50 min sakinin yaşadığı qəsəbədir.

K.Nurullayeva növbəti ilin dövlət büdcəsi layihəsində Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ə.Sabir küçəsinin genişləndirilməsi üçün müvafiq maliyyə vəsaitinin ayrılacağına ümidvar olduğunu bildirib.

Teqlər: