Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir.
AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna yeni maddənin əlavə olunması təklif olunur.
Həmin maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.