2020-ci il ərzində SOCAR-da qazma təşkilatları tərəfindən 55 906 m qazma işi görülmüş, ümumi plan 98,5% yerinə yetirilib. İstismar qazması üzrə plana 98,5%, kəşfiyyat qazması üzrə isə 100% əməl edilib.
AzerTimes xəbər verir ki, bu barədə SOCAR-ın Dayanıqlı İnkişaf hesabatında deyilir.
Hesabata görə, 2020-ci ildə SOCAR təsdiq olunmuş proqramlara uyğun olaraq uzunmüddətli proqnoz öhdəliklərini yerinə yetirməklə strateji hədəflərindən biri olan neft-qaz hasilatı sahəsi üzrə fəaliyyətini genişləndirib.
SOCAR ölkə hüdudlarında və eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində hesabat ilində proqnozu 201,5 min ton çox və ya 102,8% yerinə yetirilməklə, ümumilikdə 7 407,3 min ton neft (kondensatla birgə) hasil etmişdir ki, bunun 6 109,9 min tonu “Azneft” İB-nin, 1 297,4 min tonu isə şirkətin payçı olduğu yataqların payına düşür.
Hesabat ili ərzində quru və dəniz sahələrində ümumilikdə 50 yeni hasilat quyusu, fəaliyyətsiz quyu fondundan isə 49 quyu istismara təhvil verilib.