Etirazlar Kürdüstan Demokrat Partiyasının (KDP) tərəfdar qrupunun İraqın Kərkük şəhərində ordunun nəzarətində olan binanı KDP-yə təhvil verməsi barədə qərar qəbul etməsindən sonra başlayıb. Burada yaşayan türkmanlar əsgərlərin şəhəri tərk etməsini və bölgəyə nəzarətin KDP-yə verilməsini istəmirlər.
Bu sözləri AzerTimes-a türkman jurnalist Mehmet Salihi İraqın Kərkük şəhərində türkmanlarla kürdlər arasında baş verən son qarşıdurmanın detalları ilə bağlı danışarkən deyib.
O, Kərkük əhalisinin 6 il əvvəl yaşadığı şəraitə yenidən qayıdacaqları üçün dərin narahatlıq keçirdiklərini bildirib:
“2003-cü ildə Amerikanın işğalından sonra Kərkük tamamilə kürd milislərinə verildi, ölkə yaşayış üçün yararsız hala düşdü. Osmanlı hakimiyyətindən sonra türkmanlar ən sıxıntılı günlərini yaşadılar: uşaq qaçırmaq, gecələr türkmanların evlərinə baxış keçirmək, iş imkanı verməmək və s. Onlar bu təzyiqlərlə türkmanları Kərkükdən çıxarmağa çalışıblar. 16 oktyabr 2017-ci il tarixində Xalq Qüvvələri Kərkükü azad etdi. Bundan sonra kürd silahlıları şəhəri tərk etdi və Kərkük əhalisi 14 ildən sonra dərindən nəfəs aldı. Oktyabrın 16-dan şəhərdə sabitlik hökm sürürdü. Hazırda İraq dövlətinə bağlı federal hərbi birləşmələr Kərkükün təhlükəsizliyini qoruyur. Ancaq siyasi razılaşma nəticəsində federal əsgərin uzaqlaşdırılması və KDP qüvvələrinin qərargahlarına gətirilməsi məsələsi gündəmə gəlib. 16 oktyabr 2017-ci il tarixinə qədər olan vəziyyətin təkrarlanmaması üçün kərküklülər Hərbi Qərargahın qarşısına toplaşaraq əsgərlərin Kərkükdən çıxmasına əngəl oldular. Vəziyyətə etiraz edən və çadırlarda qalan kərküklülər isə KDP tərəfdarlarının hücumuna məruz qaldı. KDP tərəfdarları maşınları yandırdılar, ərazidəki polis və hərbi maşınlara hücum etdilər. Əsgərlər və polislər özlərini müdafiə etdilər. Beləliklə, kürdlər Kərkükdə döyüşə başladılar”.
Hazırda əsgərlərin Kərkükdən çıxarılması prosesinin dayandırıldığını deyən Salihi bildirib ki, əhali hökumətin qərarını gözləyir:
“Kərkükün şimal hissəsini ələ keçirmək istəyən PKK silahlıları polislərə atəş açdı. Silahlı qarşıdurmada terrorçularından 4-ü öldürülüb. Təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək üçün şəhərdə 2 gün komendant saatı elan edib. Hazırda bu qadağa aradan götürülüb və siyasi danışıqlar gedir. Türkmanlar veriləcək qərarı gözləyirlər”.
O bildirib ki, belə hadisələrin yaşanmaması üçün PKK-nın Kərkükdəki təlim düşərgələri yığışdırılmalıdır:
“Türkmanlar olaraq bundan əvvəl də dövlətdən PKK-nın Kərkükün Altunkörpü qəsəbəsindəki təlim düşərgələrinin bağlanmasını tələb etmişik. Lakin müraciətimizə heç kim əhəmiyyət verməyib. Bu gün PKK silahı ilə Kərkükün göbəyində kürd bayrağını gəzdirir, təhlükəsizlik qüvvələrinə hücum edirlər”.
Türkman jurnalist dünya ölkələrinin yaşanan olaylara biganəliyindən gileylənib:
“İraq dövləti də daxil olmaqla heç kim türkmanlar üçün hayqırmır. Sanki Kərkükün PKK kimi terror təşkilatları ilə dolduğunu, türkmanlara işgəncə verildiyini görmürlər. 9 yaşımdan bu savaşın içindəyəm. Biz türklər bunların əlində əsir qaldıq. Başda can Azərbaycan olmaqla, bütün Türk dünyasının yanımızda duracağına ümid edirik”.
Qeyd edək ki, İraq hökumətinin Kərkükdə qərargah binasını KDP-yə (Kürdüstan Demokratik Partiyası) verməsi qərarı türkmanlar tərəfindən böyük etirazla qarşılanıb. Türkmanların qətiyyətli etirazından sonra şəhərdə yaşayan kürdlər iğtişaşlar törədərək təhlükəsizlik qüvvələrinə hücum edib.