Kərki kəndinin işğalından 34 il ötür

Kərki kəndinin işğalından 34 il ötür

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yaşayış məntəqələrindən olan Kərki kəndinin işğalından 34 il keçir.

AzerTimes xəbər verir ki, 20 Yanvar faciəsi ərəfəsində ermənilər Naxçıvan Muxtar Respublikasını işğal etməyə cəhd göstəriblər.

Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər Kərkik, Sədərək, Günnüt və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb.

Güclü müqavimətə baxmayaraq, yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev və İdris Məmmədov qəhrəmancasına döyüşərək şəhid olublar.

Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. İşğaldan sonra Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.

Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi həmin yurd yerinin qondarma erməni dövlətinin ərazisi ilə əhatə olunması idi.

Qeyd edək ki, Naxçıvanın Kərki kəndi ilə yanaşı hazırda Qazax rayonunun 7 kəndi də Ermənistanın işğalı altındadır. 44 günlük Vətən müharibəsindən sonra Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılmalıdır. Lakin Ermənistan hələ bundan imtina edir.

Teqlər: