Kərimovun tapşırıqları hakimlərin diqqətinə çatdırıldı

Kərimovun tapşırıqları hakimlərin diqqətinə çatdırıldı

Sentyabrın 6-da Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə onlayn konfrans keçirib.

AzerTimes xəbər verir ki, 4 avqust 2023-cü il tarixdə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov tərəfindən “Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi” mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərində yerləşən ixtisaslaşmış məhkəmələr və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib.

Həmin görüşün nəticəsi olaraq bu gün keçirilən onlayn konfransda Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun qaldırdığı məsələlərə, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, kollektivdə işlərin təşkili və məhkəmə sədrlərinin vətəndaşlarla işi düzgün qurması məsələlərinə toxunub.

Sədr məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyini, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.

Daha sonra tədbirdə 2023-cü ilin birinci yarımilliyində məhkəmənin icraatına daxil olmuş işlərin sayı, həmçinin onlara baxılmasının nəticələri barədə statistik göstəricilərin qısa təhlili aparılıb, bununla yanaşı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Teqlər: