“Kəpəz”in icraçı direktoru Cabir İbrahimov və veteran futbolçu Firuz Qulami arasında münaqişə yaranıb.
AzerTimes Sport24.az-a istinadən xəbər verir ki, icraçı direktor aralarında yaşanan narazılığa görə veteran futbolçunun evinə adam göndərib. Firuz Qulami məsələnin dava-dalaş həddinə çatacağını, problemin daha da böyüyəcəyini hiss edərək Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub. Bundan sonra yaşananlara hüquq-mühafizə orqanı müdaxilə ediblər.
Mənbənin sözlərinə görə, Firuz Qulami baş verənlərlə bağlı polisə müraciət edib. Hazırda araşdırma gedir.
Firuz Qulami baş verən hadisə barədə danışmaq istəmədiyini bildirib:
“Müəyyən səbəblərə görə, indi baş verənlərlə bağlı danışmaq istəmirəm. Hər şeyin vaxtı var. Zamanı gələndə ictimaiyyətə bu barədə geniş açıqlama verəcəyəm”.