“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə 200-dən çox müraciət daxil olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə müraciətlərin qəbulu başa çatıb.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında yaşayan, turizm sahəsində biznes fəaliyyəti ilə məşğul olmaq və ya özünüməşğulluğunu təmin etmək istəyən vətəndaşlardan ümumilikdə 226 müraciət daxil olub. Daha çox müraciət Zaqatala rayonu üzrə qeydə alınıb.

Hazırda layihəyə müraciət edən vətəndaşların seçimi aparılır, turizm obyekti kimi təsis olunacaq evlərin vəziyyəti öyrənilir. Seçim prosesi başa çatdıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə müvafiq işlər aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir.


Layihə çərçivəsində qeyd olunan rayonlarda ümumilikdə 50 kənd qonaq evinin yaradılması nəzərdə tutulur.

Teqlər: