AFFA və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 29 sentyabr 2021-ci il tarixdə Tovuz rayonunda keçirilib.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilib.
2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Füzuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş rayonlarının qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vərən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində baş tutub.
Tovuz rayonunun Bozalqanlı kəndində keçirilmiş bugünkü tədbirdə 50 məktəbli uşaq o, cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak edib. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyev, Sabir Hacıyev və şəhər ictimayyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Rauf Əliyev, Arzu Nağıyev, Sabir Hacıyev çıxış ediblər. Çıxış edənlər 27 sentyabr Azərbaycanda Anım Gününün qeyd olunması ilə əlaqədar qeyd ediblər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Eyni zamanda, çıxış edənlər respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd ediblər.
Bugünkü tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Bu layihə üzrə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.